воскресенье, 23 декабря 2012 г.

"Pluralistik Bilməmə"(Pluralistic İgnorance)*


Sosial psixologiyada belə bir anlayış var: “Pluralistik bilməmə”. Bu, qrup üzvlərinin böyük əksəriyyətinin ayrı-ayrılıqa hər-hansı bir normanı inkar etdiyi(yəni onu qəbul etmədiyi) amma eyni vaxtda səhvən qrupun digər üzvlərinin həmin normanı qəbul etdiyini düşündüyü bir vəziyyətdir.
Bu vəziyyətdə insanlar hansısa bir normanı (və ya inancı) ayrı-ayrılıqda inkar edir, ictimaiyyət içərisində isə dəstəkləyirlər.

Bu fenomeni həm də, “heç kəs inanmır amma hamı fikirləşir ki, hamı inanır” kimi də ifadə edirlər. Bu vəziyyət çoxluq tərəfindən bəyənilməyən bir normaya qarşı insanların müqavimət göstərməsini çətinləşdirə və həmin normanın əbədiləşməsinə gətirib çıxara bilər. 

“Pluralistik bilməmə” termini ilk dəfə psixoloqlar Daniel Katz və Floyd Allport tərəfindən istifadə olunmuşdur.

Bu fenomen həm də Sovet İttifaqında kommunist rejimin xalq tərəfindən illüzior dəstək almasının səbəblərindən biri kimi göstərilə bilər. Böyük çoxluq rejimi bəyənmirdi amma hamı səhvən digərlərinin rejimi dəstəklədiyini güman edirdi və beləliklə də hamı öz etiraz səsini yüksəltməyə qorxurdu. 

среда, 28 ноября 2012 г.

"Qiyamətə hazırsan ?"


Dünən evlə(mən “evlə” yazmışam, siz “evnən” oxuyun) danışırdım. (Bilirəm, indi bunu oxuyan və özünü ağıllı hesab eləyən hansısa debil, ya da Cem Yılmazın taxtına oturmaq istəyən bir “yumor canisi”: “Evlə danışmaq olar ? Evlə danışmazsan e, evdəkilərnən danışarsan birdən” kimi cümlələr formalaşdırır beynində.) Hə, məhz elə evlə danışırdım. Hə, bizim ev danışa bilir. Nə isə, bir az evlə danışdım, sonra başladım mama ilə danışmağa. Beləcə bir az danışandan sonra mamadan soruşdum ki, bəs: “Azərbaycanda nə yenilik var ? Camaat nə ilə məşğuldur?” Elə bunu demişdim ki, anamın dərdi açıldı. Dedi ki: “Oğul, dünyanın axırı yaxınlaşır xəbərin yoxdu ? Dekabrın 21-i yer üzü qaranlığa qərq olacaq, dünya elektrik enerjisinə həsrət qalacaq. Azərbaycanda hamı buna tədarük görür, dükanlarda şam qalmayıb, camaat indidən hazır yeməklər alıb evə qoyur ki, qəfil yaxalanmasın bu vəziyyətə. Bütün qonum-qonşu hazırlaşır, bir dənə bizdən başqa.” Və sonda da zarafatca əlavə edir ki: “Evdə heç nə yoxdu. Əgər doğurdanda dünyanın axırı olsa, heç bilmirəm neyləyəcəyik?”
Deməli, sən demə Azərbaycanda bir qrup para-ağıl, gerizəkalı insan inanırmış ki, dekabrın 21 mini-qiyamət olacaq, bir növ qiyamətə hazırlıq, yəni dünya tam dağılmayacaq amma beş günlük də olsa, qaranlıq dünyanı öz ağuşuna alacaq, göz-gözü görməyəcək, it yiyəsini tanımayacaq, kimin qulağı kimin ağzına olacaq. Bir qrup bığı-burma kişi də düşüb maqazinlərin canına şam alır. Şəxsi qənaətim belədir ki, onlar bunu qaranlıqdan istifadə edib hansısa əxlaqsızlığa yol verə biləcək qızlarını nəzarətdə saxlamaq üçün edirlər. Adamlar dünyanın axırında da namus-qeyrət fikrindədilər.
Birinci dəfədir ki, ölkədə baş verənlərin içində deyiləm, qıraqdan baxmaq imkanım var və təəssüflə də olsa qeyd etməliyəm ki, qıraqdan baxanda ölkənin nə qədər biabırçı vəziyyətdə olması görsənir. Burda 21 dekabrdan heç kim bir kəlmə də olsun danışmır, inanın mənə. Öz zibilləridi də, necə danışsınlar axı? Hamısına bunlar özləri səbəb olublar. Hər dəfə burda əynindəki şortikinin varlığı ilə yoxluğu hətta Sartrı belə düşündürəcək qızları görəndə, hər dəfə uzun saçlı bir qaqaş görəndə, küçədə öpüşən cütlüklər görəndə cumub boğazlarından yapışıb “niyə” sualını vermək istəyirəm. Niyə ?
Niyə doqquz milyon Azərbaycanlını zəlil gününə qoymusuz ? Niyə yekə-yekə kişiləri maqazinə şam dalınca göndərirsiz ? Niyə axı analarımızın gözünü yaşlı qoymusuz ? Niyə ? Niyə ? Niyə ?

четверг, 18 октября 2012 г.

"Doğulmamış Uşaqlar"


Bu aralar beynim bir az qarışıqdır, ağlıma və ağzıma gələnləri yazmışam burda.

Təhsil yaxşı şeydi, insest isə pis. Nə qədər ki, insan insestuoz hisslərdən arınmayıb, o qədər də inkişaf olmayacaq. Şair yaxşı deyib vətənpərvərlik heyvani hissdir, itlər də öz yaşadığı ərazini müəyyən etmək üçün ağacların dibinə işəyir. Millətə bağlılıq adlandırdığımız şey isə konkret olaraq insestdir.

Artıq çoxdandır ki, Qərb və Şərq coğrafi anlayış olamqdan çıxıb. Ümumiyyətlə nə Qərb tamamilə Qərb deyil, nə də ki, Şərq Şərq. Qərblə Şərq insanların beynindədir. Biz isə ortadaqaldı oynayanlarıq və həmişə də ortada qalırıq.

Bütün dünyanın bunlardan narazı olduğu bir vaxtda, bu amerikalılar özlərindən necə razı ola bilirlər onu da anlamış deyiləm.

Məncə, əgər hamı lüt gəzsəydi və yalnız bir-iki nəfər geyinmiş olsaydı, inanın ki, hamı geyimli olanlara baxardı. Məşhur yazıçılardan biri demişdi ki: “Dünyada ən darıxdırıcı şey çılpaqlıqdır.” Bir sözlə əti nə qədər çox gizlətsən, bir o qədər dəyərli olar.

İnsanları bir-birinə yaxınlaşdıran amillərdən biri də danışmaq istəyidir. Hamının bir hekayəsi var. ABŞ-da caniləri tutmaq üçün belə bir üsuldan istifadə olunur:  Əgər hardasa öldürülmüş insan meyiti tapılırsa, onun üzərinə kiçik səs yazma qurğusu yerləşdirilir və bir neçə günlüyünə ona əl dəyilmir, yəni elə tapıldığı yerdə də saxlanılır. Sonra bilirsiz nə olur ? Qatil gəlib öldürdüyü insanın bədəniylə söhbət etməyə başlayır.  Başqa heç kimə deyə bilmədiklərini (məsələn, onu niyə öldürdüyünü, nəyin onu belə hərəkət etməyə vadar etdiyini) ona etiraf edir. Hamının bir hekayəsi var, əsas odur ki, hekayəni bölüşməyə bir adamın olsun.

Məndən sizə məsləhət: Bir “Doğulmamış Uşaqlar Nazirliyi” yaradın və əgər dünyaya uşaq gətirmək kimi bir səhv eləmək istəyirsinizsə, bu səhvi elə indidən düzəltməyə başlayın.

суббота, 4 августа 2012 г.

"Sperma Ətri" (hekayə)


Həmin günün səhəri yuxudan oyananda Cəlilin üstündə yüngül bir yorğunluq var idi. Bu yorğunluğu o, bütün gün öz bədənində hiss edəcəkdi.  Seksin verdiyi bu yorğuluq artıq onunçün adi bir hala çevrilmişdi. Hər gecə yatmamışdan qabaq sevişmək və ya sevişəndən sonra yatmaq onun üçün adət halına almışdı. Vəziyyət o yerə gəlib çıxmışdı ki, sekslə məşğul olmadığı gecələr onun yuxusu ərşə çəkilir, yerinin içində səhərə kimi oyan-buyana fırlanırdı.

Dünən axşam işdən çıxarkən qapıda Aybənizlə qarşılaşmış, onu işin stressini atmaq üçün bir az gəzməyə dəvət etmişdi. Hamının mədəni, yerini bilən və ən əsası da sakit kimi tanıdığı bu qız dərhal razılaşmışdı. Bu qıza kölgə qız da demək olardı, iş yerində onun varlığını çox az adam hiss edirdi. Gəzişərkən Cəlilin verdiyi suallara qız qırıq-qırıq, həyəcanlı cavablar verirdi.

Cəlilin tamamilə gözlənilməz bir anda ona bu gecəni birlikdə keçirməyi təklif etməsinə, qız eyni gözlənilməzliklə razılıq vermişdi. Birlikdə keçirdikləri həmin gecə Cəlil bu qızın içindəki vəhşini görmüşdü. İlk öncə utancaq görsənən bu qız, sonradan hətta bir çox porno ulduzların belə özünə sığışdırmayacağı şeyləri etməyə başlaməşdı.

Seksdən sonra Cəlil bir neçə dəqiqə insan potensialının nə qədər də tükənməz olması haqda fikirləşmiş, sonra dərin bir yuxuya getmişdi. Onun seksdən sonra yatarkən çəkiləcək şəkli dünyanın sülh simvoluna çevrilə bilərdi.

Cəlilin həyatında bir çox qız olmuşdu.  Çox utancaq olduğundan seks vaxtı heç bir səs çıxartmayanından tutmuş, porno fimlərin dublyajında işləyə biləcək qədər ehtiraslı səslər çıxardanına qədər.

Həyatda məqsədi çoxlu pul qazanıb rahat yaşamaq olanından tutmuş, atasının zibil qədər pulu olub həyatda heç bir məqsədi olmayanına qədər.

Cəlilin özü də bu qızların hər birinə fərqli-fərqli hisslərlə yanaşırdı. Bəzi qızlara o, südəmər uşağın anasına bağlandığı kimi bağlanmaq istəyir, bəzilərinə isə ata qayğısı göstərməyə çalışırdı. Bəziləri onun fiziki, bəziləri isə mənəvi tələbatlarını ödəyirdilər.

Amma Cəlil həmişə bu qızları birləşdirən nəyinsə olduğunu hiss etmişdi. Onların bir-birindən elə də fərqlənmədiyini  sübüt edən bir şey. Hərdən Cəlil bunun nə olması haqda fikirləşir, nə qədər səy etsə də heç bir nəticəyə gələ bilmirdi.

Həmin gün Cəlil yenə də yata bilmirdi. Tək-tük hallardan biri idi ki, o, bu gecə evə heç kimi gətirə bilməmişdi. Yuxusuzluq onun əsəblərini korlayırdı. Buna daha çox dözə bilməyəcəyini anladıqda, cibindən üstündə “Blade Masaj Salonu” yazılmış vizitkanı (bunu ona mərkəzi küçələrdən birində gəzərkən üz-gözündən cin hürkən bir qız vermişdi) çıxardıb nömrəni yığmağa başladı. Əlavə heç bir söz demədən ünvanı söyləmiş və bir qız istəmişdi.

Yarım saatdan sonra üz-gözündən cin hürkən həmin o qız üçün qapını açırdı. Bu səfər qız nisbətən qəşəng görünürdü, keçən dəfəki bayağı makiyajın da yerinə bugün sadəcə güclə seziləcək bir dodaq boyası var idi.

Cəlil yatmaq istəyirdi, uzatmadan dərhal işə başlamaq lazım idi. Cəlil bu qızla cinsi əlaqəyə girməkdən iyrənirdi və ona görə də yüngül bir minetlə kifayətlənməyi qərar aldı.

 Qızın bu sahədə istedadının olduğu dəqiq idi. Cəlil qızın minetindən inanılmaz həzz alarkən, bir yandan da yaxşı ki, onun qəhbə olduğunu fikirləşirdi. O, bu qızın evli ola bilmək ehtimalı ilə barışa bilmirdi. Əgər bu qız evli olsaydı, ancaq öz əri üçün minet edəcəkdi. Bu isə dünyanın digər kişilərinə qarşı haqsızlıq olardı. Bu qızın minetindən hər bir kişi həzz ala bilməliydi. Həm də bu qızın ancaq bir kişi üçün minet eləməsi onun istedadının itib-batması demək olardı. Onun fikrincə isə istedadı boğmaq olmazdı, istedad istedad sahibinə məxsus olan bir şey deyil, o xalqa məxsusdur, onu paylaşmaq lazımdır.

Cəlil bir anlıq bu qızın fahişə olmağından çox xoşhal oldu, onun içindən bu qızı mükafatlandırmaq keçdi. O, indicə ağzına qutardığı bu qızı ayağa qaldırdı və dodaqlarından öpdü. Bundan sonra dərhal qızın pulunu verib özünü yatağa atdı. 

Yatmamışdan öncə həmişəki kimi fikirlərə dalmış və çoxdan bəri beynini narahat edən sualın cavabını tapmışdı. Artıq bu qızları birləşdirən şeyin nə olduğunu bilirdi. Sperma ətri. Həqiqət o idi ki, Cəlil onlarla öpüşərkən bu qızların hamısının ağzından sperma iyi gəlirdi. Cəlil yuxu ilə yuxusuzluğun arasında kəşf etdiyi bu həqiqəti səhər xatırlamayacağından qorxur, onu beyninin dərinliklərinə həkk etmək istəyirdi.

Bir neçə an sonra o, yuxuda insanların böyük izdihamlarla şəhər küçələrində gəzdiklərini, əllərində “Peace” , “Make Love Not War” yazılmış plakatlar tutduqlarını görürdü. Ən maraqlısı isə o idi ki, bu plakatlar arasında o, özünün yatarkən çəkilmiş şəklinin də olduğunu görürdü.    

среда, 18 июля 2012 г.

Frommun İnsest Haqda Fikirləri


Frommun "Psixoanaliz və Din" kitabından növbəti tərcüməm.

Freydə görə bütün nevrozların özəyini Edip kompleksi (bu haqda ayrıca yazı yazacam, narahat olmayın)  təşkil edir: ruhi nasazlıq uşaq əks cinsdən olan valideynindən infantil asılıqdan xilas ola bilmədiyi təqdirdə meydana çıxır. Freyd insestuoz impulsları (insest – yaxın qan qohumları ilə cinsi əlaqə (Freydin insest anlayışı haqda da ayrıca yazı yazacam)) insanın dərin seksual ehtirası olaraq görürdü.

Lakin, Freydin bu kəşfinin əsil mahiyyəti onu seksual sferadan şəxsiyyətlərarası sferaya keçirtdikdə ortaya çıxır. İnsestin məğzi heç də insanın öz ailə üzvlərinə olan seksual meyli deyildir. Bu meyl əslində daha dərin və fundamental bir istək olan uşaq qalmaq istəyinin təzahür formalarından biridir.

Bu insanın onu qoruyan fiqurlara bağlı qalmaq istəyidir və bu fiqurlardan birincisi və ən vacibi anadır. Döl ana ilə və ana hesabına yaşayır; doğum aktı azadlıq və müstəqilliyə doğru atılmış ilk addımdır. Körpə doğulandan sonra da hələ də bir çox cəhətdən ananın ayrılmaz bir hissəsidir; onun əsil azad insan kimi doğulması uzun illər çəkir – bu proses faktiki olaraq insanın bütün ömrü boyu davam edir.

Fiziki yox, psixoloji mənada göbəyin kəsilməsi insan inkişafı üçün böyük bir çağırışdır və insanın həyatdakı ən çətin vəzifəsidir. Nə qədər ki, insan bu ilkin bağlarla anası, atası, ailəsi ilə bağlıdır o, özünü təhlükəsizlikdə hiss edir. O, hələ də döldür və kimsə bir başqası onun üçün cavabdehdir. O, öz hərəkətləri üçün cavbdeh olan, təklikdə qərar verməli olan, həyatının iplərini öz əlinə alan “ayrıca” bir varlıq olmaq istəmir.

Uşaq qalaraq, insan yalnız öz Mənini tam dərk edərkən yaranan labüd təşvişdən qaçmaqla qalmır, həm də ailəsinin verdiyi təhlükəsizlikdən zövq alır. Amma bu insana çox baha başa gəlir. O, tam, mükəmməl insan ola bilmir, öz ağlını və həqiqi sevgi qabiliyyətini inkişaf etdirə bilmir; o, asılı olaraq qalır və ilkin bağların qopması təhlükəsi yaranan kimi öz zəifliyini hiss edir.

Onun bütün əqli və emosional hərəkətləri ilkin qrupun (bu halda valideynlərinin) avtoriteti ilə bağlıdır, buna görə də onun fikirləri və intuisiyaları onun özünə aid deyildir. İnsestuoz orientasiyalı adam yalnız tanıdığı insanlara yaxınlıq hiss edə bilir, tanımadığı(yəni özünə oxşamayan) insanlarla isə yaxın əlaqəyə girə bilmir. Belə orientasiyada bütün hisslər və ideyalar yaxşı və pis, doğru və yalan terminləri ilə deyil, tanış və tanış olmayan terminləri ilə qiymətləndirilir. İnsan olmaq üçün insan gərək bütün insestuoz əlaqələrini qırsın və tam azadlıq əldə etsin.

Valideynlərə bağlılıq insestin yalnız bir amma ən fundamental formasıdır; sosial təkamül prosesində tayfa, millət, irq, dövlət, sinif, siyasi partiya və bir çox digər, institusional formalar və təşkilatlar tanış, doğma olurlar (yəni valideyni əvəz edirlər). Milliyətçiliyin və irqçiliyin köklərini məhz burda axtarmaq lazımdır, hansı ki, öz növbəsində insanın özünü və digərlərini azad varlıq kimi qəbul eləyə bilməməsindən irəli gəlir.

Deyə bilərik ki, insanın inkişafı insestdən azadlığa doğru gedir. Elə məhz bu da insest tabusunun nəyə görə bu qədər universal olmasını izah edir. Əgər insan öz yaxınlıq tələbatını öz ata-anası, bacı-qardaşlarından  digər insanlara tərəf yönəldə bilməsəydi,  bəşəriyyət inkişaf edə bilməzdi.

Qeyd: Mötərizələrdəki qeydlər özümə aiddir.

воскресенье, 15 июля 2012 г.

Sürü Psixologiyası Haqqında


Erix Frommun "Psixoanaliz və Din" kitabından tərcümə etdiyim kiçik bir hissəni təqdim eləyirəm.

İnsan öz yaradılışı etibarı ilə sürü heyvanıdır. Onun hərəkətləri başçını izləmək və ətrafında olan heyvanlarla bir yerdə qalmaq kimi instinktiv impulslarla müəyyən olunur. Sürü daxilində olduğumuz müddətdə bizim varlığımız üçün heç bir təhlükə yoxdur, sürü ilə əlaqələri itirib tək qaldıqda isə vəziyyət əks istiqamətdə dəyişə bilər. 

Doğruluq və yanlışlıq, həqiqət və yalan sürü ilə təyin olunur. Amma biz təkcə sürü deyilik, biz həm də insanıq; bizim özünüdərk hissimiz var, bizə şüur verilib və bunlar öz təbiəti etibarı ilə sürüdən asılı deyildir. Biz başqalarının bizim həqiqət haqqında təsəvvürlərimizi bölüşüb-bölüşməməsindən asılı olmayaraq, öz düşüncələrimizin nəticələrinə əsasən də hərəkət edə bilərik.

Amma nə qədər ki, biz sürüdəyik bizi ağıl yox, tamamilə başqa bir prinsip – sürüyə sadiqlik prinsipi idarə edir.

Nə qədər ki, tam azadlıq qazanılmayıb insan çoxluğun həqiqət kimi qəbul etdiyini özü üçün də həqiqət kimi qəbul edəcək.  Onun fikirləri sürü ilə əlaqəyə ehtiyac və təcrid olunma qorxusu ilə müəyyən olunacaq.

Çox az insan digər insanlarla əlaqəni itirməkdən qorxmayaraq, tənhalığa dözərək həqiqəti söyləməyə qadirdir. Onlar bəşəriyyətin əsil qəhrəmanlarıdır. Əgər onlar olmasaydı, biz hələ də mağaralarda yaşayardıq. 

Amma insanların böyük əksəriyyəti qəhrəman deyildir və onların ağlı yalnız müəyyən sosial quruluşda inkişaf edir. O quruluşda ki, orda insana hörmət edilir, ondan dövlətin və ya hər hansı qrupların məqsədlərində alət kimi istifadə olunmur, insan tənqid etməkdən qorxmur, həqiqət axtarışı onu qardaşlarından ayırmır. Yalnız fərqli fikirlərin normal qəbul olunduğu cəmiyyət yaradılarsa, insan obyektivliyin və ağılın ən yüksək səviyyəsinə çata bilər.  

пятница, 13 июля 2012 г.

Adını siz qoyun

Yaxşı və pis. Əlbəttə ki, bunlar nisbi anlayışlardır. Yəni bir şey yalnız digərinə nisbətən yaxşı və ya pis ola bilər. Bunu yoxlamaq üçünsə bizə müqayisə obyekti lazımdır. Yəni, biz yalnız nəyisə digəri ilə müqayisə etdikdə onun digərinə nisbətən yaxşı və ya pis olduğunu anlayırıq.

Bütün bu müqayisələrin səbəbi sözsüz ki, insanın mükəmməllik, “daha yaxşısı” axtarışları ilə bağlıdır.
Amma hər şey o qədər də asan deyil. Bizim böyük bir problemimiz var ki, o da cəmi bir həyatımızın olmasıdır.  Yəni ki, müqayisə üçün materialımız yoxdur. Bir addım atırıq amma “bu addımın yerinə digərini atsaydım necə olardı?” sualının cavabı bizim üçün əbədi qaranlığa bürünmüşdür.

Bir də ki, bizim geriyə qayıdıb səhvlərimizi düzəltmək kimi bir üstünlüyümüz də yoxdur. Məsələn, hər hansı bir rəssam öz rəsm əsərinin gözəl olması üçün ona istənilən qədər düzəlişlər edə bilər və ya bir filmin hər hansı kadrının istənilən kimi alınması üçün təkrar-tərar çəkilişlər edilə bilər, insanın isə belə düzəlişlər, belə təkrar çəkimlər etmək kimi bir imtiyazı yoxdur.

Milan Kunderanın “Varolmanın Dözülməz Yüngüllüyü” romanında əsas mövzulardan biri də elə budur. İndi sizə o kitabdan bir neçə sitat yazıram:

“İnsanın yalnız bir həyatı var, ona görə də biz hansı qərarlarımızın doğru, hansılarınsa yanlış olduğunu heç vaxt öyrənə bilməyəcəyik.”

"Hadisələr necə cərəyan edirsə, elə də yaşayırıq. Öncədən xəbərdar edilmədən, rolunu əzbərləmədən səhnəyə çıxan teatr aktyorları kimiyik. Həyat öncəsi ilk məşq elə həyatın özüdürsə, nə mənası var yaşamağın ? Həyatımız bir rəsmin heç vaxt rəsmə çevrilməyək ilkin eskizidir."

 “Hər məktəbli oğlan müxtəlif elmi fərziyyələrin doğru olub olmadığını yoxlamaq üçün fizika laboratoriyasında eksperimentlər apara bilər amma insan yalnız bir yaşanacaq həyatı olduğuna görə hisslərinin onu doğru yola aparıb aparmadığını yoxlamaq üçün eksperimentlər apara bilməz.”

“Einmal ist keinmal” deyir bir alman aforizmi. “Yalnız bir dəfə olmuş bir şey heç olmamış kimidir.”

Əsərin baş qəhrəmanı olan Tomasın belə bir çox maraqlı fikri var: O, düşünür ki, kosmosun ənginliklərində, hardasa bir yerdə bir planet var və Yerdə ölən insanlar o planetdə yenidən anadan olurlar. Bu yenidən doğulan insanlar öz keçmiş həyatlarından xəbərdardırlar və öz keçmiş həyatlarını, ondakı səhvlərini-düzlərini, uğurlarını-uğursuzluqlarını, doğru və yanlış qərarlarını çox yaxşı xatırlayırlar. Beləliklə də, onların əlində daha gözəl yaşamaq, keçən həyatdakı səhvləri təkrarlamamaq, səhv hesab etdiyi addımların yerinə başqa addımlar atmaq kimi şans var. Bütün bunlar ikinci planetdə baş verəcək, sonra üçüncü, dördüncü, beşinci planetlər. Beləliklə də biz eyniylə bir rəssamın öz əl işiylə elədiyi kimi, öz həyatımızda dəfələrlə düzəlişlər etdikdən sonra mükəmmələ nail olacağıq.

среда, 4 июля 2012 г.

"Kasıbların Mahnısı"


Yenə Frommdan bir yazı yazmışam amma zənnimcə mövzu aktualdı.

Bu yazını uğursuzlara, qabağa getmək istəyənlərə, çoxlu pulu olana paxıllıqla baxanlara, bir başqasının yerində olmaq istəyənlərə, həyatın mənasını “Hilton”un 26cı mərtəbəsində oturmaqda görənlərə, bir sözlə hamıya və özümə həsr edirəm. Uğursuzların yazısıdı bu yazı...

Nadir hallarda qabiliyyət və dürüstlük uğur gətirir. Uğurun formulu özündə “özünü satmaq”, “mənliyini alçaltmaq”, “ambisiya”, “aqressivlik” kimi naqis komponentləri birləşdirir.

İnsanın özünə münasibəti qaçılmaz şəkildə uğur standartları ilə şərtləndirilmişdir. İnsan özünü - alıcını ən yüksək və əlverişli qiymətlərlə cəlb etmək üçün nəzərdə tutulmuş - bir mal kimi hiss edir. Təklif olunan qiymət nə qədər yüksəkdirsə, insan özünü bir o qədər dəyərli hesab edir. İnsanın dəyəri onun satış bazarındakı qiymətindən asılıdır. İnsan-mal özünü piştaxtada sərgilənən assortiment arasında fərqləndirməyə çalışır.  O, ən yüksək qiymətə layiq olmağa çalışır amma əgər ona fikir vermir, digərlərini götürürlərsə, onda o, keyfiyyətsizlik və faydasızlıqda günahlandırıla bilər.

İnsan həyatda yüksək məqsədlər axtarmaqla məşğul olmağı dayandırıb və özünü öz əliylə yaratdığı iqtisadi maşının alətinə çevirib. İnsan effektivlik və uğur haqqında, xöşbəxtlik və qəlbin inkişafı haqqında fikirləşdiyindən daha çox fikirləşir. Yəni Fromm demək istəyir ki: Hər nə qədər gözəl insani keyfiyyətlərə malik olsan da, yaxşı maaş almırsansa deməli dəbdən düşmüsən.

P.s.Mən uşaq olanda Anar Nağılbazın "Kasıbların Mahnısı" adlı bir mahnısı vardı, çox çoxdan olub bu söhbət, çörək almağa avtomatla getdiyimiz vaxtlar idi, oğlanların sevgililərinin dalıyca tankla getdiyi vaxtlar...

понедельник, 25 июня 2012 г.

İnsan nədir ?


Söz verdiyim kimi silsilə yazılarımı davam etdirirəm. Bu yazı da Erix Frommun “Psixoanaliz və Din” kitabındandır. Burda Frommun insan, insan təbiəti, onun mahiyyəti, inkişafı ilə bağlı olan fikirlərini cəmləməyə çalışmışam. Fromm deyir ki:

İnsan - öz varlığı özü üçün problem olan yeganə heyvandır; o, bu problemi həll etməlidir və onun bundan gizlənmək kimi bir şansı yoxdur.

Özünüdərk, şüur və təxəyyül heyvani varlığın harmoniyasını pozub. Onların peyda olması insanı anomaliyaya, bəşəriyyətin kaprizinə çevirib.

Şüur eyni zamanda həm insanın xeyir-duası, həm də lənətidir. İnsan darıxa, narazı qala, özünü cənnətdən qovulmuş hiss eləyə bilən yeganə heyvandır.

İnsana şüur veriləndə o, bir növ təbiətdən qoparılmışdır amma insanın təbiətdən ayrı yaşaması da özü-özlüyündə mümkün olan bir şey deyildir. Bununla da insan varlığında dixotomiya yaranmışdır: O, nə ağlından(hətta bunu özü istəsə belə), nə də ki, bədənindən(nə qədər ki, sağdır) xilas ola bilməz. İnsana şüur verilmişdir amma heyvani hissləri, instinkləri, şəhvəti də onunla qalmışdır. Nəticədə şüurla insan təbiəti arasında daimi mübarizə başlanmışdır.

İnsanda heç də hər-hansı “anadangəlmə inkişaf meyli” yoxdur. Bugunkü inkişaf səviyyəsinə o, daxili ziddiyətləri hesabına gəlib çatmışdır. Yəni, inkişafa səbəb narazılıq, heç nəyə qane olmamaq hissidir. Hər keçilən mərhələ yenə də insanı tam razı salmır və o, yeni məqsədlər axtarır.

İnsanın inkişaf etməsinə səbəb olan faktorlara rəqabət hissini, hakimiyyət əzmini və şəhvəti də əlavə etsək, yəqin Frommun ruhu bizdən inciməz. Rəqabət və hakimiyyət əzmi ilə məncə hər şey gün kimi aydındır, şəhvət anlayışına isə bir az aydınlıq gətirək. Bəşər tarixinin ən böyük kəşflərinin altında bir hərəkətverici qüvvə yatır: Şəhvət. Hətta insan inkişafına ən böyük tövhələr vermiş ixtiraçılar belə öz ixtiraları üzərində baş sındırarkən heç də insanlığın inkişafı, gələcək nəsillərin rifahı və s. bu kimi şeylər haqqında düşünmürdülər. Onların əsas məqsədi qonşuluqda yaşayan ehtiraslı gözəlçənin diqqətini cəlb etmək idi.

Hələ də fərqinə varmayanlar varsa, bir də nəzərinizə çatdırım ki, bütün bu hisslər insanda anadangəlmədir.

Lakin, inkişaf özü də nisbidir. Fromm iddia edir ki, insanın şüuru yox, intellekti inkişaf etmişdir. O, bu anlayışları bir-birindən ayırır. Yəni, elm və texnika inkişaf edib, bəs insan özü inkişaf edibmi ? Xöşbəxtlik, sevgi, həyatdan razılıq tapıbmı?

İnsan öz beyninin məhsulu olan texnalogiya xarüqələrindən silahların hazırlanmasında istifadə edir. Bugünlərdə insanlar nüvə müharibəsinin bütün yer kürəsini məhv edə biləcəyi ehtimalını müzakirə edirlər. Amma əslində atom bombasından istifadə olunacaq ümumbəşəri müharibəylə ilkin insan qəbilələri arasında baş vermiş döyüşlər arasında mahiyyət etibarı ilə heç bir fərq yoxdur.