четверг, 17 октября 2013 г.

Baş Tutmamış Revanş


İsti yay günlərindən biri idi amma çox pul yazmasın deyə kondisioneri yandırmamışdıq hələ, qonaqlar gələndən sonra yandıracaqdıq. Heç vaxt qonaqları sevməmişəm amma bu səfər vəziyyət başqa idi. Xalam oğlu gəlirdi bizə, anası və təzə aldığı arvadıyla. Yəni elə bilməyin ki, onları çox sevdiyimə görə gəlməkləri ürəyimdən idi, sevməyinə sevirdim oları, amma söhbət başqa söhbət idi.

Qapının döyülməsi ilə atamın kondisioneri işə salması arasında heç Brus Linin də çatdıra bilməyəcəyi qədər cəldlik olmuşdu. Xoş beş, on beşdən sonra qonaqlara çay təqdim olundu təbii ki. Yemək sonra gələcəkdi hələ. O qədər də mədəniyyətsiz deyil ki, gələn kimi yeməyi qonağın gözünə soxaq.

Nəysə, sözüm onda yox. Bu xalam oğlu ilə demək olar ki, həmyaşıd idik, aylar var idi aramızda. Bütün uşaqlığımız və yeniyetməliyimiz bir yerdə keçmişdi. Sonra yollarımız ayrılmışdı təbii ki, mən univeristetə girmişdim (axı nəsildə ən ağıllı uşaq mən idim, hətta dayım tez-tez dostları ilə mənim prezident olacağımla bağlı mərcə girməyi çox sevirdi. Nəşəxorun biri idi əşşi, çox fikir verməyin), o isə bir müddət girməyə bir yer tapa bilməyəndən sonra dinə üz tutmuşdu. Bunun din fanatiki olması bizim münasibətlərin üstündən çalın-çarpaz bir xətt çəkmişdi. Daha ancaq yasdan-yasa görüşürük. Niyə yasdan-yasa, toydan-toya yox? Çünki o daha toylara gəlmirdi. Mollalar ona demişdilər ki, gülüb əylənmək şeytan əməlidir. O da inanmışdı.

İndi onun mənim həyat tərzimdən heç xoşu gəlmirdi. Məni namaza gətirmək onun ən böyük missiyası idi. Məni isə onun belə fanatik olması qorxudurdu, axı mollalar desəydi, məni lap öldürə də bilərdi. Amma ümummilikdə çox istəyirdik bir-birimizi. Nə də olsa, illərin xatirələri var idi.

Nəysə, yenə də sözüm onda yox. Bayaq da demişdim bu xalam oğlu ilə uşaqlığımız bir yerdə keçmişdi. Amma söhbət ondan gedir ki, bu əclaf hər şeydə məni qabaqlayırdı. Topu məndən çox çiləyirdi, "sony"də həmişə məni udurdu, maşın sürməyin məndən tez öyrənmişdi. İlk siqaretimi də onunla çəkmişdim amma bu heyvərə qüllabı həmişə mənə nisbətən daha dərinə dartırdı. Arağı məndən çox içirdi və heç vaxt tutmurdu onu. Sonra qızlarla tanış olmağa başladıq. Bunun həmişə qızlarının sayı mənimkindən çox olurdu. Əclaf telefonla qız tuturdu. Mən isə heç indinin özünə kimi də telefonla bir dənə də olsun qız tuta bilməmişəm. Düzdü bunun qızları bir zibil deyildilər amma onları elə tərifləyirdi ki, deyirdin kimlərlə fırlanır bu əclaf. Bir dəfə bunun xoşuna gələn bir qıza "podxod" eləmişdim amma verməmişdi mənə. Hərçənd o qız heç onun özünə də verməmişdi. Yaman özünü bəyənmiş qız idi. Sonra bu pul qazanmağa başladı, mən isə hələ də kitab oxuyurdum.


Bu əclafın varlığı belə ömrüm boyu məndə natamamlıq kompleksi yaratmışdı. Amma indi elə deyildi, artıq böyümüşdük. Artıq mən ondan daha üstün mövqe tutmuşdum həyatda. Amma içimdə ki, o yanğı hələ də qalmaqda idi. Bugün mənim günüm olmalı idi. Axı hər şeyi dəqiq planlaşdırmışdım. Bugün qələbə mənimlə olacaqdı. Başqa variant yox idi.

Söhbət onda idi ki, bu xalam oğlunun çox qəşəng bədəni var idi. Qarnında paxlavalar, bisepslər, nə bilim trisepslər, əzələlər, qollar, çiyinlər, hər şey var idi də bunda. Rembonun cavanlığına oxşayırdı əclaf. Yaman paxıllığım tuturdu bunun bədəninə. Amma bugün son olacaqdı. Hər şey mən istədiyim kimi olacaqdı.

Bunun dindar olması mənim əlimdə "kozır"a çevriləcəkdi.

Çayımızdan bir neçə qurtum vurandan sonra söhbətə giriş elədim. Əslində buna dinin boş şey olduğu haqda sübutlar gətirməyə çalışa bilərdim. Nitşseni, Freydi, Frommu təzə-təzə oxuduğum vaxtlar idi, yaman həvəsli idim. Amma başqa taktika seçmişdim. Qurandan bir-iki kəlam gətirdim. Dedim axı Allah buyurub "hər an ölə biləcəyin kimi o dünyanı fikirləş", "bu dünya fanidir", "bu dünyanın malı bu dünyada qalır", axı sənin bədənində bu dünyanın malıdır. Onu da burda qoyub gedəcəksən. Onsuz da sən cənnətdə daim ekstaz vəziyyətində olacaqsa, neynirsən bu bədəni ? Niyə şişirdirsən onu? Sağlamlıq əldə edib bu fani dünyadan daha çox yapışmaq və Allahın dərgahına daha gec getmək istəyirsən? Ya olmaya naməhrəm gözləri öz üzərinə çəkmək istəyirsən?

Bu sözləri deyib qarşımdakı stakanı itələdim, siqaretimdən bir tüstü vurub oturacağın arxasına yayxandım və qalib ədası ilə onu süzməyə başladım. Heç yana qaça bilməzdi. Qüsursuz hazırladığım tələyə düşmüşdü. Artıq beynimdə iki ay içində onun bədəninin necə əriyəcəyini təsəvvür eləyirdim. Keyfimi heç nə poza bilməzdi.
Ortaya naqolay bir sükut çökmüşdü.

Sonra o boğazını yaşlayıb sağ əlini öz kosa saqqalında gəzdirdi (yaxşı saqqalı çıxsaydı, yəqin vəhabi olardı) və sonra bu üzücü sükutu pozaraq dedi:

- Cihada hazırlaşıram, qardaş