вторник, 29 мая 2012 г.

Kor


 Hər birimizin “mən bir dənə öləcəyim günü bilmirəm” deyən nənəsi olub yəqin ki.

Son zamanlar özümdə yeni bir qabiliyyət aşkar eləmişəm. Gələcəyi görmə. Yox, ekstrasens deyiləm. Hisslərdən yox, məntiqdən danışmaq istəyirəm əslində.

Hər şeydən əvvəl onu deyim ki, “gələcək” sözünün cox da düzgün olduğunu düşünmürəm. Axı gələcək dediyimiz şey heç də bizə tərəf gəlmir, biz ona tərəf gedirik. Yəni ki, gələcək mövcuddur, o var və bizim ona çatmağımızı gözləyir. Dondurulmuş ərzaq kimidi gələcək. Sadəcə fərq ondadır ki, donu açılanda biz onu yox, o bizi yeyir. Ömrümüzü.

Nəysə, deyəsən gələcəyə çox taxdım (türkün sözü). Gələcəyi görə bilməyimdən danışırdım. Əslində burda elə də çətin bir şey yoxdu məncə. Gələcək bir az məntiq testlərini xatırladır. Azacıq beyin yormaq lazımdı, vəssalam.

Çox ağıllı, bacarıqlı, çalışqan bir gənci görəndə üzümüzə Nostradamus ifadəsi verib: “Bu oğlan qabağa gedəcək” deyirik çoxumuz və sanki dünyanın kəşfini etmiş oluruq. Amma axı bu qədər gözəl keyfiyyəti özündə cəmləşdirmiş bir adamın uğursuz olma ehtimalı çox azdır.

Hə, bir də bəxt, tale, alınyazısı var təbii. Əlbəttə ki, bu yazını yazanda bütün bunları hesaba qatmamışam.