понедельник, 1 декабря 2014 г.

İmtina; Uğur və Uğursuzluq haqqında

İlk öncə ondan başlayım ki, uşaqlıq vaxtından uğursuzluğa çox böyük meylim olub. Həmişə ikincilərə birincilərdən daha çox simpatiyam olub, kölgədə qalmaq, üzdə olmamaq daha çox cəlb edib məni. Məhv olmuş insanların həyatına heyranlıqla baxmışam. Bütün bu hisslər şüuraltı səviyyəsində həmişə dominant olub məndə. Uşaqlıqda ən böyük arzum böyüyüb çox uğursuz, məhv olmuş, cəmiyyət tərəfindən rədd olunmuş birinə çevrilmək olub. 

Amma yaşım artdıqca fikirlərim tamamilə əks istiqamətdə dəyişdi. Bunun iki səbəbi var. 1cisi uğurlu olmaq, uğursuz olmaqdan daha asandır. Ən azı psixoloji sferada. Uğurlu insan daha rahatdır, əgər uğurlusunuzsa bütün cəmiyyət sizə qucaq açır(ailənizdən başlayaraq), uğursuz üçün isə çox çətin olur. Cəmiyyət sizi qəbul etmir, özünüz özünüzü qəbul etmirsiniz, qlamurlaşan dünyada bomj kimi yaşamaq asan gəlməsin sizə. Bir dəfə hər səhər kürü yeyən bir dostuma bir ay kürü yemə, ona xərclədiyin pulu ehtiyacı olanlara ver dedim. Adam cavabında mənə “mən öz rutinimi poza bilmərəm” dedi. Kiminsə hər səhər kürü yediyi bir dünyada bomj kimi yaşamağı seçmək ağılsızlıqdır məncə. Onsuz da sonda hamımız öləcəyik sözünə çox ağıllı bir yaxınım, “baxır necə ölmək” cavabını vermişdi. Sözüm ondadır ki, zibil yeşiyinin yanından üfunət iyi verən meyitinizin tapılması seçim deyil. 

Seçim demişkəm, 2ci səbəb isə elə məhz uğursuzluğun seçim olmamasıdır. Yəni uğurusuz olmağı insan özü seçmir, uğursuz olmaq üçün sadəcə olaraq heç nə etməmək kifayətdir. İndi deyəcəksiniz ki, heç nə etməmək özü də bir seçimdir. Düz deyirsiz amma icazə verin fikrimi başa salım. Uğursuzluğun seçim olması üçün birinci uğurlu olmaq lazımdır. Yəni birinci gərək siz uğurlu adama çevriləsiniz, əgər bundan sonra siz özünüz şəxsən uğurlu olmaqdan imtina edib uğursuzluğu seçirsinizsə, onda bax, bu olur həqiqi seçim.


Bayaqkı cümlədə imtina sözünü işlətdim, gəlin elə bir az ondan da danışaq.İmtina özü-özlüyündə çox gözəl bir şeydir amma bu da bir az qarışıq anlayışdır. Məsələn siz çox şeydən imtina edə bilərsiniz, zorakılıqdan, pis vərdişlərdən, yüksək həyat standartlarından və s. Bunu sizə qəlbinin dərinliklərində, çox böyük bir mütilik yatan, əlində olan çox az şeylə qane olan bir bakılı kimi deyirəm. 

İmtina ilə vəziyyət yenə uğur və uğursuzluq kimidir. Yəni siz ömür boyu bir Jiquli sürüb, bunun sizi tamamilə qane etdiyini və bundan daha artığını istəmədiyinizi deyirsinizsə, tamamilə yanılırsınız. Gəlin mən sizə bir dənə İnfiniti verim, bir az onu da sürün, sonra görüm o əvvəl sürdüyünüz Jiquli sizi qane edəcək ya yox. Sadəcə olaraq siz kasıb olduğunuzu boynunuza almaq istəmirsiniz və sizdə buna qarşı psixoloji müdafiə mexanizmi yaranır. Bu mexanizmin adına da intellektualizasiya deyirlər. Yəni siz, Jiqulinin daha az benzin sərf etdiyini, əlavə hissələrinin daha ucuz olduğunu, 75 at gücünün şəhər üçün tamamilə yetərli olduğunu deyirsiniz. Amma unudursunuz ki, dostunuz öz maşının motorunda sizinkindən azı bir neçə dəfə çox ilxı saxlayır. 

Yəni, başa düşürəm insanlar öz əlləri ilə iqtisadi bir maşın qurublar və özlərini bu maşının alətinə çeviriblər. Bunların hamısını mən çox gözəl dərk eləyirəm. Sizin bu maşının aləti olmamaq istəyiniz də mənə çox tanışdır. Sadəcə demək istədiyim odur ki, qıraqdan baxıb “mən onların yaşadığı kimi yaşamaq istəmirəm” demək düzgün deyil məncə. Çünki sən onsuz da onlar kimi yaşaya bilmirsən, gəl sən birinci onlar kimi yaşayacaq qədər uğurlu ol, o səviyyəyə(və ya səviyyəsizliyə) çat, ondan sonra sənin qarşında həqiqi seçim olacaq. Yəni bütün bu əldə etdiklərindən sonra, yenə də “yox, mən tək-tənha, zibil qablarının yanında, sidik iyi verə-verə ölmək istəyirəm” deyirsənsə onda seçim sənindir.

суббота, 11 октября 2014 г.

Ölü Olmaq Dəbdədir

Siz bunu oxuyursunuzsa, deməli mən ən qısa zamanda intihar edəcəyəm. Açığı intihar haqda hələ lap yeniyetməlik vaxtlarından fikirləşmişəm. Amma indi etdiyim bir yeniyetmənin intiharı deyil. 27 yaşım var, çox oxumuşam, çox görmüşəm, çox şeyləri bilirəm. Həyatın mənasızlığını tam anlamı ilə dərk edə bilirəm. Təbii ki, indi sizə burda həyatın mənasızlığı haqda leksiya keçəsi deyiləm, bunun üçün Kamyu o boyda “Absurd haqqında Esse”sini yazıb.

Hal hazırda yaşamaq ağır bir yükdü mənimçün. Bu yükü daha daşımaq istəmirəm. Ən adi şeylər belə əzab verir mənə.  Çönüb arxaya, həyatıma baxanda da yüzlərlə səbəb tapa bilərəm intihar etmək üçün, yəqin hamı tapa bilər.

Təbiət etibarı ilə mən çox qorxaq insan olmuşam həmişə. Insanın isə ən böyük qorxusu ölüm qorxusudur. “Sağ qalmaq” instinkti insanın ən başlıca instinktidir. Və insanı heyvandan fərqləndirən ən əsas meyar, onun öz instinktlərinə qalib gələ bilməsidir. Beləliklə mən öz ən başlıca instinktimə qalib gəlməklə “tam insan” olacam. (Burda bir paradoks var, “tam insan” olmaq üçün insan öz başlıca instinkti olan “sağ qalmaq” instinktinə qalib gəlməlidir. Bunun üçün isə ən rahat yol intihardır. Yalnız  intihar edərək sən sözün əsl mənasında insan ola bilərsən, amma bu vaxt sən həm də ölü insan olursan. Bir də ki, ən böyük qorxu olan ölüm qorxusuna qalib gəlməklə mən özümə əslində nə qədər güclü olacağımı sübüt edəcəm.

Təbii ki, həyatda çox xoşbəxt olduğum vaxtlar olub. Hətta o qədər xoşbəxt olmuşam ki, nəslimi artırmaq istəmişəm. Bir dəfə bir qıza “filankəs, nəslimi artır demişdim”. Çox banal səslənir hə ? Amma sizin əmin edirəm ki, həyatın sirri budur. Mən bu həqiqətə illərlə oxuduqdan, araşdırdıqdan sonra gəlmişəm. Sizə məsləhətim odur ki, həyat haqda heç nəyi öyrənməyə çalışmayın, suallar verməyin, suallardan sual yaranır. Həqiqət isə əslində çox bəsitdir. Sadəcə yaşayın, ən bəsit insanlar kimi. Onda daha xoşbəxt olarsınız. Əgər sizə bədbəxt filosof olmaq istərdiniz, ya xoşbəxt donuz. Onda bir saniyədə fikirləşmədən donuz olmaq istəyərdim deyin.

Nəysə, çox mənasız uzunçuluq eləyirəm deyəsən. Siz hər səhər işə getməyə, həftənin, sonra da ayın axırını gözləməyə, mənasız yerlərə gedib, mənasız vaxt keçirməyə, özünüzə uyğun insanlar axtarmağa, özünüz üçün mənasız xəyallar qurub sonra onlara çatmağa çalışmağa, bir sözlə survive eləməyə davam edin. Mənim üçün mənasını itirib bütün bunlar. Sizə suicide support challange kampaniyasına başlayın demirəm, nə də ki, “ölü olmaq dəbdədir” demirəm. Sadəcə onu deyirəm ki, məndən bu qədər, siz əylənməyə davam edin.


Mən qaranlığa, heç nəyin olmadığı bir yerə gedirəm. Çox rahat olacam orda.

четверг, 27 марта 2014 г.

İngiltərə Premyer Liqası

Dünən İngiltərə Premyer Liqasının növbəti turunda Liverpul Sanderlendi qonaq etmişdi öz “Anfield Road” stadionunda. 45 mindən çox insan yiğışmışdı bir yerə. Yenə 22 dənə yekə kişi bir dənə topun dalınca qaçacaqdılar. Deyir, əvvəllər, futbol yarananda bir dənə balaca kişi 22 dənə topun dalınca qaçırmış, sonra çox lağ ediblər deyə oyunun qaydalarında dəyişikliklər olunub.

Futbolla maraqlanan hamı Liverpul stadionunda olan atmosferdən xəbərdardı. Hələ matçın başlanğıcında azarkeşlərin “you will never walk alone” himnini oxuması adamın dəhşətə gətirir. Təsəvvür edin 50 minə yaxın insan eyni yerdə, eyni vaxtda, eyni mahnını oxuyur. Hamı öz mənin itirir, insanlar bir birində əriyir, hamı bir olur. İnsanın ən böyük qorxusu olan tənha qalmaq qorxusundan söhbət belə gedə bilməz bu anlarda. Tənha qalmaq – Fromm deyir - bu insanın ən böyük qorxusudur.

Bu bir növ ritualdır. Qədimdə də insanlar yağışın yağması üçün mahnılar oxuyurdular. İndi ağıllanmışıq, artıq belə bir şeyin mümkün olmadığını bilirik amma bir yerə yiğışıb oxumaq ehtiyacını hələ də öldürə bilməmişik.

O stadiona toplaşan hər bir insan Liverpula azarkeşlik etməyin öz seçimi olduğunu düşünür. Amma güman ki, onların çoxu yanılır. Uşaqlıqda qırmızı rəngdə oyuncaq maşının olması, qonşuda kiminsə Liverpulun keçmişdə çox güclü klub olduğunu deməsi, həmin klubun hansısa oyunçusunun bir dəfə sən yaşayan şəhərə gəlməsi. Bir çox mənasız səbəb insanı hər hansı bir komandanın azarkeşi edə bilər. Həyatın bütün sahələrində olduğu kimi burda da seçimlərimiz şüur yox şüuraltı səviyyəsində gedir. Amma hətta öz şüurlu olmayan seçimlərinə də insanların bu qədər sədaqətlə bağlanması sizcə də gözəl bir şey deyilmi?


Bir də futbolçulara həddindən artıq pul verildiyini deyirlər. Uşaq vaxtı atamın məni ilk dəfə bir yerdə futbola çağırdığı gün indiyə kimi yadımdadı. Bu mənim həyatımın ən gözəl anlarından biridir, qalan hər şey üçünsə mastercard var.

Gördüyünüz kimi insanın futbola baxmasında, hansısa komandaya azarkeşlik etməsində demək olar ki, rasional heç bir şey yoxdur. Lap dibinə getsək bu çox mənasız bir şeydir amma mənasızlığı onun gözəlliyinə xələl gətirmir.

P.s. Google-da “Anfield Road – You will never walk alone” yazıb baxın. Özünüzü bu gözəllikdən məhrum etməyin.

пятница, 21 февраля 2014 г.

Sosial Nekrofiliya


Aşağıda Frommun sosial nekrofiliya haqqında fikirlərinin bir qismi ilə tanış olacaqsız.

Sosial nekrofil elə insandır ki, o həyata yox, ölümə meylli olur.

Nekrofillər həmişə keçmişdə yaşayırlar, indiki və buradakı zaman onlar üçün çox da dəyərli deyil. Nekrofil gecə aşiqidir. Həyatı sevən insan üçün əsas qütblər kişi və qadın olduğu kimi, nekrofillər üçün tamam başqa qütblər – öldürmə səlahiyyəti olanlar və bu səlahiyyətə malik olmayan insanlar vardır. Nekrofillər üçün iki cins vardır: hakim olanlar və olmayanlar, qatillər və öldürülənlər. Nekrofillər qatillərə aşiqdirlər və öldürülənlərə nifrət edirlər.

Fromm deyir ki, həyat strukturlaşmış, funksional artımla xarakterizə olunduğu halda, nekrofillər artmayan, mexaniki olan hər şeyi sevirlər.

Həyatdan döndərilmiş və ya ona qarşı çevrilmiş hər şey nekrofili cəlb edir. Nekrofil ana bətninin qaranlığına və ya keçmişə, qeyri-orqanik və heyvani həyata qayıtmaq istəyir. O prinsipial olaraq nifrətlə yanaşdığı və qorxduğu gələcəyə deyil, keçmişə istiqamətlənmişdir.

Güclü təhlükəsizlik ehtiyacı buna yaxın hissdir. Nekrofilin dəyişikliyə ehtiyacı yoxdur, onun özünü təhlükəsizlikdə hiss edəcəyi, təhlükənin olmayacağı vəziyyətin yaranmasına ehtiyacı vardır.

Nekrofilin bir xüsusiyyəti də var, o məcburi pedantik intizama aşiqdir. Nekrofil hər şeyin öz yerində olduğu, hər kəsin (həmçinin də özünün) öz ictimai rolunu bildiyi nizamlı dünyaya vərdiş etmişdir.

Nekrofil azad yaradıcılığa qadir deyil, onu nizamsız həyat tərzi sürənlər qıcıqlandırır, onu təsadüflər qıcıqlandırır, gözlənilməzliklər onun əsəblərinə toxunur – o, bütün bunlardan qorxur. O, spontan yaradıcılığa deyil, mexanikləşmiş dünyaya meyllidir.


P.s. Yəqin bundan sonra “nekrofil” sözünü eşidəndə ağzınızı ayırıb “ölüylə şey eliyən” deməzsiniz. Hərdən hər şey göründüyü kimi səthi olmaya bilir. National Geographic-in atalar sözü səviyyəsinə qalxmış ifadəsində deyildiyi kimi “think twice”.

пятница, 14 февраля 2014 г.

Emir Kusturica


İki gün bundan qabaq Emir Kusturicanın “Həyat Möcüzədir” filminə baxdım. Hələ də təsir altındayam, filmin soundtrack-i beynimdə fırlanır. Fikirləşirəm, görəsən Kusturicanın filmləri niyə adama belə təsir edir, niyə adamın qəlbinə toxunur?

Yəqin ona görə ki, Kusturicanın filmlərində həyat olduğu kimidir. Kapitalizm, sosializm, anarxizm hələ gəlib onun filmlərinə çatmayıb. Ümumiyyətlə onun filmlərində heç bir “izm”lər yoxdur. Müasir mədəniyyət nailiyyətləri Kusturicanın filmlərindən yan keçib. Kusturicanın filmlərində insanlar səhər-səhər durub işə getmir, heç kim sabahı fikirləşmir, həyat hələ mexanikləşməyib, insanlar robotlaşmayıblar. İnsan xaotikliyi onun filmlərində hələ də yaşayır. Təsadüflər hər şeyi həll edir. Heç kim atdığı addımı ölçüb biçmir. Kusturicanın filmlərində həyatın fonundakı musiqinin səsi hələ sönməyib. Onun filmlərində həyat karnavaldır, kasıblar varlılardan daha xoşbəxtdir. İnsanlar bir-birini sevir, aldadır, xəyanət edir, yenə sevir, yenə aldadır. Onun filmlərində insanlar olduğu kimidir.

İnsanlar sərhəddə yaşayır, müharibə ilə sülhün, ölümlə həyatın, sevgilə nifrətin. Amma həm də insanlar bu sərhədlərin o tayında yaşayırlar. Kusturicanın filmlərində həyat hər şeyə rəğmən davam edir.

Bəlkə də elə buna görədir ki, Kusturica filmlərində “qaraçı mədəniyyəti”nə bu qədər yer verir. Qaraçı mədəniyyəti (və ya mədəniyyətsizliyi) kimi onun filmləri də dünyada baş verən proseslərdən özünü qoruya bilib. Dünyada müharibələr, qırğınlar, ideoloji savaşlar, mədəniyyətlərarası toqquşmalar baş verir, Kusturicanın filmləri və filmlərindəki həyat isə heç nə olmayıbmış kimi, öz axarı ilə davam edir.


Kusturicanın “The No Smoking Orchestra” qrupunun “Life is a Miracle” mahnısındakı sözlərdə olduğu kimi, Kusturicanın filmlərində Zidan Liverpulda oynayır. Kusturicanın filmlərində hər şey mümkündür. Kusturicanın filmlərində Həyat Möcüzədir.