четверг, 27 марта 2014 г.

İngiltərə Premyer Liqası

Dünən İngiltərə Premyer Liqasının növbəti turunda Liverpul Sanderlendi qonaq etmişdi öz “Anfield Road” stadionunda. 45 mindən çox insan yiğışmışdı bir yerə. Yenə 22 dənə yekə kişi bir dənə topun dalınca qaçacaqdılar. Deyir, əvvəllər, futbol yarananda bir dənə balaca kişi 22 dənə topun dalınca qaçırmış, sonra çox lağ ediblər deyə oyunun qaydalarında dəyişikliklər olunub.

Futbolla maraqlanan hamı Liverpul stadionunda olan atmosferdən xəbərdardı. Hələ matçın başlanğıcında azarkeşlərin “you will never walk alone” himnini oxuması adamın dəhşətə gətirir. Təsəvvür edin 50 minə yaxın insan eyni yerdə, eyni vaxtda, eyni mahnını oxuyur. Hamı öz mənin itirir, insanlar bir birində əriyir, hamı bir olur. İnsanın ən böyük qorxusu olan tənha qalmaq qorxusundan söhbət belə gedə bilməz bu anlarda. Tənha qalmaq – Fromm deyir - bu insanın ən böyük qorxusudur.

Bu bir növ ritualdır. Qədimdə də insanlar yağışın yağması üçün mahnılar oxuyurdular. İndi ağıllanmışıq, artıq belə bir şeyin mümkün olmadığını bilirik amma bir yerə yiğışıb oxumaq ehtiyacını hələ də öldürə bilməmişik.

O stadiona toplaşan hər bir insan Liverpula azarkeşlik etməyin öz seçimi olduğunu düşünür. Amma güman ki, onların çoxu yanılır. Uşaqlıqda qırmızı rəngdə oyuncaq maşının olması, qonşuda kiminsə Liverpulun keçmişdə çox güclü klub olduğunu deməsi, həmin klubun hansısa oyunçusunun bir dəfə sən yaşayan şəhərə gəlməsi. Bir çox mənasız səbəb insanı hər hansı bir komandanın azarkeşi edə bilər. Həyatın bütün sahələrində olduğu kimi burda da seçimlərimiz şüur yox şüuraltı səviyyəsində gedir. Amma hətta öz şüurlu olmayan seçimlərinə də insanların bu qədər sədaqətlə bağlanması sizcə də gözəl bir şey deyilmi?


Bir də futbolçulara həddindən artıq pul verildiyini deyirlər. Uşaq vaxtı atamın məni ilk dəfə bir yerdə futbola çağırdığı gün indiyə kimi yadımdadı. Bu mənim həyatımın ən gözəl anlarından biridir, qalan hər şey üçünsə mastercard var.

Gördüyünüz kimi insanın futbola baxmasında, hansısa komandaya azarkeşlik etməsində demək olar ki, rasional heç bir şey yoxdur. Lap dibinə getsək bu çox mənasız bir şeydir amma mənasızlığı onun gözəlliyinə xələl gətirmir.

P.s. Google-da “Anfield Road – You will never walk alone” yazıb baxın. Özünüzü bu gözəllikdən məhrum etməyin.