четверг, 18 октября 2012 г.

"Doğulmamış Uşaqlar"


Bu aralar beynim bir az qarışıqdır, ağlıma və ağzıma gələnləri yazmışam burda.

Təhsil yaxşı şeydi, insest isə pis. Nə qədər ki, insan insestuoz hisslərdən arınmayıb, o qədər də inkişaf olmayacaq. Şair yaxşı deyib vətənpərvərlik heyvani hissdir, itlər də öz yaşadığı ərazini müəyyən etmək üçün ağacların dibinə işəyir. Millətə bağlılıq adlandırdığımız şey isə konkret olaraq insestdir.

Artıq çoxdandır ki, Qərb və Şərq coğrafi anlayış olamqdan çıxıb. Ümumiyyətlə nə Qərb tamamilə Qərb deyil, nə də ki, Şərq Şərq. Qərblə Şərq insanların beynindədir. Biz isə ortadaqaldı oynayanlarıq və həmişə də ortada qalırıq.

Bütün dünyanın bunlardan narazı olduğu bir vaxtda, bu amerikalılar özlərindən necə razı ola bilirlər onu da anlamış deyiləm.

Məncə, əgər hamı lüt gəzsəydi və yalnız bir-iki nəfər geyinmiş olsaydı, inanın ki, hamı geyimli olanlara baxardı. Məşhur yazıçılardan biri demişdi ki: “Dünyada ən darıxdırıcı şey çılpaqlıqdır.” Bir sözlə əti nə qədər çox gizlətsən, bir o qədər dəyərli olar.

İnsanları bir-birinə yaxınlaşdıran amillərdən biri də danışmaq istəyidir. Hamının bir hekayəsi var. ABŞ-da caniləri tutmaq üçün belə bir üsuldan istifadə olunur:  Əgər hardasa öldürülmüş insan meyiti tapılırsa, onun üzərinə kiçik səs yazma qurğusu yerləşdirilir və bir neçə günlüyünə ona əl dəyilmir, yəni elə tapıldığı yerdə də saxlanılır. Sonra bilirsiz nə olur ? Qatil gəlib öldürdüyü insanın bədəniylə söhbət etməyə başlayır.  Başqa heç kimə deyə bilmədiklərini (məsələn, onu niyə öldürdüyünü, nəyin onu belə hərəkət etməyə vadar etdiyini) ona etiraf edir. Hamının bir hekayəsi var, əsas odur ki, hekayəni bölüşməyə bir adamın olsun.

Məndən sizə məsləhət: Bir “Doğulmamış Uşaqlar Nazirliyi” yaradın və əgər dünyaya uşaq gətirmək kimi bir səhv eləmək istəyirsinizsə, bu səhvi elə indidən düzəltməyə başlayın.