вторник, 6 декабря 2011 г.

Qoymazlar adam kimi vampir olaq


Son vaxtlar nəinki yazı yazmağa, heç başımı da qaşımağa vaxtım yoxdur. Nəinki başımı heç başqa yerlərimi də. Bu yazını isə yazmağıma dostum Anarın məni maestro adlandırması səbəb oldu. Bir anlıq özümü Nobel mükafatı laeruatı kimi hiss etdim. Necə ki, səsi olmayan birinə uşaqlıqda gözəl səsinin olduğu (valideynlərinə yaltaqlanmaq üçün) haqda kiçik yalan deyirsən və o da böyüyüb müğənni olur.
Yəqin vampirlərdə də belədir. Bir az aydınlıq gətirim. Yəni ki, mən vampirlərin əslində  pis niyyətli olduğuna inanmıram. Sadəcə olaraq biz onları damğalayırıq. Mərdi qova-qova namərd eliyərlər söhbəti. Sual ortaya çıxa bilər ki, bəs onda onlar niyə bizim qanımızı sovururlar? Bəlkə də onlar bu “öpüş”ləri ilə bizə öz sevgilərini göstərməyə çalışırlar. Axı əslində vampir olmaq elə də pis deyil. Təsəvvür edin ki, ölümsüzsünüz, sizə bir çox fövqəladi qüvvələr verilib və bütün yeniyetmə qızlar sizin üçün öz damarlarını doğrayıb sizi öz qanları ilə bəsləməyə hazırdırlar. (xüsusilə də “Twilight” filmindən sonra bu qızların sayı daha da artıb)
Əslində isə hər şey Drakuladan sonra başladı. Əlbəttə ondan əvvəl də vampirlər olub amma ilk dəfə məhz Drakulanın simasında bir vampir qəhrəmana(mənfi də olsa), pleyboya, seks-simvola çevrildi. Allah ona qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Amma bəlkə də bu bir vampirə edilə biləcək ən pis arzudur, bəlkə də bu qarğışdır. Axı vampirlər gün işığından qorxurlar.
Elm və texnikanın inkişafı vampirlərdən də yan keçməyib. Günümüzün vampirini sarımsaq, xaç və ya taxta paya ilə qorxuda bilməzsən. Bəlkə də vampir olmağın ən pis cəhəti də elə budur, daimi yaşamaq. Məncə vampirlər həyatlarının ilk 200 ilindən sonra hər şeydən bezirlər və ölmək istəyirlər. Indi gərək oturub gözləyəsən ki, hansısa axmaq ölümlü insan, hansısa axmaq bir üsul fikirləşib gəlib səni öldürsün.
Ümumiyyətlə vampirləri öldürmək lazımdırmı? Və ya biz onları şər qüvvə olduqlarına görə mi öldürürük? Əsla yox! Bütün bunlar bizim içimizdə olan sürü psixologiyası ilə əlaqədardır. Yəni içimizdən biri olmayanı, fərqli olanı məhv etmək arzusu. Inanın ki, biz saçını hamıdan fərqli kəsdirəni, bizim kimi fikirləşməyəni də eyni həvəslə öldürməyə hazırıq.
Azərbaycanda isə vampir olmaq tamam başqa söhbətin mövzusudur. Təsəvvür edin ki, vampirsiz və hansısa qızı dişləmisiz. Inan ki, axşam o qızın “məhlə uşağısı” sizə zəng edib “razborka”ya çağıracaq və həmin “razborka”da sizi bıçaqlayıb öldürəcək. Budu bizim vampirlərə qoyduğumuz hörmət? Ona görə də qan içməyə belə meyllisinizsə, məncə hələlik zəlilikdən başlayın. Zəli olub düşün kiminsə canına, başqa sözlə başınızı aşağı salıb işinizlə məşğul olun. Sonrasından Allah kərimdir.

пятница, 28 октября 2011 г.

“Qəddafisi ölmüş ərəbin Mübarək hüznü”


Hərdən bizim kimi cavan-cavan uşaqlar  böyük-böyük danışanda bəzi-bəzi insanların xoşuna gəlmir amma hər halda...  Bu günlərdə hamı ərəb inqilablarından danışır, dedim bir dənə də yazı mən guppuldadım. Təkrarçılıq olsa əvvəlcədən üzr istəyirəm.
Artıq uzun müddətdir ki, ərəb ölkələrində kiçik qruplar siyasi, iqtisadi və digər sahələrdə hakimiyyəti öz əllərində cəmləşdirib kütləni marjinallaşdırmaqla məşquldurlar.(baxmayaraq ki, marjinallıq əslində kütləyə yox, azlığa məxsus bir şey hesab olunur) Və sonda xalq bu marjinallığa dözmədi.
Ümumiyyətlə inqilab, çevriliş dedikdə insanın ağlına gələn ilk şey inkişaf, tərəqqi olur. Tunisdə bir gəncin özünü yandırması ilə başlayan üsayanlar öz məntiqi sonluğuna çatdı və həm Tunisdə, həm də Misir və Liviyada inqilablarla nəticələndi. Amma bu inqilabların öz məntiqi sonluğuna çatıb özü ilə inkişaf gətirəcəyi böyük sual altındadır. Məqsəd demokratiyaya nail olmaqdır amma atalarımız hələ o vaxt deyiblər: “Ərəb nə bilir demokratiya nədir?” Bu ərəblərlə heç Allahın özü də bacarmır, onlara o boyda Quran göndərib yenə də adam olmurlar ki, olmurlar.
Demokratiyaya hazır olmaq lazımdır amma görünür ərəblər buna yaxşı hazırlaşa bilməyiblər və indiki vəziyyət anarxiyaya daha çox bənzəyir. Jozef Prudon sağ olsaydı, bu mənzərəni görəndə yəqin ki, sevincdən gözləri dolardı.
Qeyd etməliyik ki, bu ölkələrdə iqtisadi vəziyyət ağırdır və ac qarına demokratiyanın olmadığını hamımız yaxşı bilirik.
Inqilab dalğasının əsas neft ixracatçısı olan ölkələrdən (Liviya istisna olmaqla) yan keçməsi ilə əlaqədar olaraq ABŞ və Avropa  baş verənlərə heç bir reaksiya vermir (Liviya istisna olmaqla) və seyirçi mövqeyi tutmağa üstünlük verir.
Paranoyik yəhudilərin də olub bitənlərlə bağlı öz əndişələri var. Axı yaranmış hərc-mərclik terroristlərin aktivliyini artıra bilər. Bir də ki, Misirdə hakimiyyətə kimin gəlməsindən asılı olaraq, İsrailin normal münasibətdə olduğu tək-tük ərəb ölkələrindən olan Misirlə əlaqələrin pozulma perspektivi var.
Hazırda bu ölkələrdə vəziyyət qarışıqdır. Yaxın zaman ərzində seçkilər olacaq (Tunisdə artıq olub). Bəs görəsən hakimiyyətə kim gələcək?  Yeni avtoritar rejim? Qeyri-funksional demokratlar? Bəlkə radikal islamçılar? (Allah bizi radikalların islamından qorusun)
Bir də ki, Qəddafi məsələsini qeyd etməsəm özümü bağışlaya bilmərəm. Qəddafinin şəxsiyyəti və ya ölkəsi üçün etdikləri barədə danışmaq kimi bir fikrim yoxdur. Sadəcə onun öldürülməsi səhnəsinin göstərilməsi mənə çox pis təsir etdi. Hələ onun meyiti ilə şəkil çəkdirən ərəbləri görəndə adam özünü “bunlara demokratiya yaraşırmı?” sualını verməkdən saxlaya bilmir. Nekrofil əclaflar.
Diktaturaların devrilməsi və diktatorların öz layiqli cəzasını alması əlbəttə ki, gözəldir və biz buna sevinir və dəstəkləyirik amma bunu sonrasını da gətirmək lazımdır. Ərəblər indi bahar yaşadıqlarını iddia edirlər, baxaq görək bu bahardan sonra hansı fəsil gələcək. Yay yoxsa qış?

понедельник, 26 сентября 2011 г.

"Like edənlər klubu"



Bu yaxınlarda “facebook” adlanan sosial şəbəkədə məşhur jurnalistlərin biri(eyni zamanda o, həm tanınmış bir saytın redaktoru, həm də ki, yazardır) ilə mubahisəm düşdü. Azərbaycan dilinin qrammatikasıyla bağlı mübahisə edirdik və cümlənin sonunda nöqtə qoymadığımı mənə irad tutan bu jurnalistin mənə yazdığı şərhə baxaq: “Elədisə sizin nöqtəniz hardadı?”, beş cümlədən ibarət cümlədə üç səhv. Cümlənin düzgün formasının “Elədirsə, sizin nöqtəniz hardadır?” olduğunu ona bildirdikdən sonra necə deyərlər, “söhbət bağlandı”. Bu da bizim redaktorumuz. 3-4 kitab oxumaqla özünü hamıdan ağıllı sayan bu insanlar “facebook”da müxtəlif mənasız statuslar yazmaqla insanlara dünyanın sirrini verdiklərini düşünürlər.  

Və bir insan tipi də var ki, onlar bu “hamıdan ağıllı”ların bütün yazdıqlarını “like” eləyirlər. Məşhur bir türk filminin adından istifadə edib onu bir qədər də dəyişsək, bu insanları “Like edənlər klubu” adlandıra bilərik. Insan Azıx mağarasından çıxıb birbaşa sosial şəbəkəyə düşdükdə belə bir vəziyyət yaranır. Vaxt keçdikcə onlar virtual aləmin virtuoz “laykmen”lərinə çevrilirlər. Ağız sularını axıda-axıda monitora zillənmiş bu insanlar sizi müxtəlif pozalarda “like” eləyə bilərlər. Sadəcə “götümü qaşıyıram”, “indicə tualetdən çıxdım”, “kofe içirəm” və s. bu kimi statuslar yazmağınız kifayətdir.
  
Indi sizə bu insanlardan birinin öz “hamıdan ağıllı” dostununun divarına  yazdığı yazını olduğu kimi təqdim edirəm: “Məni RSS’ləşdirə bilərsən? Statuslarını avtomatik “like” edim, yoruldum belə bir-bir”. Yəni, bu insan üçün fərqi yoxdur, onun atasını da söysəniz yenə də “like” edəcək. Çoxdur belələri.

Görəsən bu yazını niyə yazdım? Axı kimin kimi “like”, kimin kimi “poke” eləməsi məni az maraqlandırır, əslində bütün bunlar mənim heç vecimə də deyil. Ona görə də yazımı izlənmə rekordları qıran bir türk serialının mahnı sözləri ilə bitirirəm: “Benim hala umudum var”.

воскресенье, 25 сентября 2011 г.


Çak Palanik
Təqib Olunanlar
Konsultant
Matçmeyker haqda şeir
 
“Əgər sən bir kəsi sevirsənsə” deyir matçmeyker: “onu azad burax”
Amma əgər o, qayıdanda herpesə yoluxmuş olsa təəccüblənmə.
Matçmeyker deyir: “Sevdiyim qıza elə gəlirdi ki, o, daha yaxşısına layiqdir.”
O qız daha hündür, daha yaxşı “zaqar” almış, uzun saçlı və daha böyük cinsi orqana malik olan oğlan istəyirdi.
Gitarada çalmağı bacaran oğlan.
Buna görə də Matçmeyker ilk dəfə diz çöküb evlilik təklif edəndə qız ona “yox” demişdi.
Beləliklə də Matçmeyker, özü haqda reklamda uzun saça və konserv bankasından da yoğun penisə malik olduğunu qeyd etmiş, “At” ləqəbli kişi qəhbəsinin xidmətindən yararlanmağı qərara aldı. O hətta gitarada bir neçə akkord ifa etməyi də öyrənə biləcəyini demişdi.
Və “At” bir gün güya ki, təsadüfən kilsədə qızla qarşılaşır. Daha sonra kitabxanada.
 Matçmeyker “At”a gündə iki yüz dollar ödəyirdi və bu kişi qəhbəsi ona qızın nələrdən xoşunun gəldiyini deyirdi. Məsələn, “onu arxadan qucaqlayıb döşlərinin gilələrini oynayanda qızın çox xoşuna gəlir”. “At” qızı necə iki, və ya üç dəfə dalbadal orqazma çatdırmağın yollarını Matçmeykerə öyrədirdi.
“At” qıza qızıl güllər göndərirdi. Ona mahnılar oxuyurdu. Onunla maşınların arxa oturacaqlarında və isti suyla dolu vannalarda cinsi əlaqədə olurdu. Ona əbədi sevgi və sədaqət andları içirdi.
Sonra o, qıza bir daha zəng vurmadı. Bir həftə. Iki həftə. Bir ay.
Və bir gün o, yenidən qıza kilsədə güya ki, təsadüfən rast gəldi.
Orda “At” qıza hər şeyin bitdiyini bildirdi. Çünki o, çox pozğun qızdır. Demək olar ki, qəhbədir.
“And içirəm” Matçmeyker deyir: “o oğlan mənim sevdiyim qızı qəhbə adlandırıb”
Allah onu qorusun.
Bütün bunlar sevgilisinin qəlbinin qırılması üçün Matçmeykerin hazırladığı gizli bir plan idi. Sonra isə “başı daşdan-daşa dəymiş” qızı yenidən tutmaq.
Matçmeyker “At”la sonuncu görüşündə minet eləməsi üçün ona əlavə əlli dollar verdi.
“At” onun qarşısında diz üstə çökərək öz əlli dollarını qazandı.
Bu yolla da gələcək arvadı yaxşı öyrənilmiş, ardıcıl orqazmlar yaşayan zaman xəyalında canlandırdığı kişi obrazı onun əri, Matçmeykerin tanımadığı, tamamilə yad bir kişi obrazı olmayacaqdı.

Ingiliscədən tərcümə edən: Baxışlı Zaur

среда, 21 сентября 2011 г.

"Xərçəngə qalib gəlmiş telefon nömrəsi"

Bu gün sənin nömrəni silmək istədim. Bacarmadım. Əslində sənsizliyə artıq öyrəşmişəm. Daha yadıma da az-az düşürsən. Xatirələr də yavaş-yavaş silinməyə başlayır. Amma bu nömrə. Bir nömrənin mənə bu qədər əziyyət verəcəyini təsəvvür eləyə bilməzdim. Elə bil sən öz gözəl gözlərinlə bu rəqəmlərin arasından mənə baxırsan. Bir vaxtlar daim görməyə can atdığım o gözlər. Onlar daha yoxdurlar. Bəlkə də bu nömrə, səni incitdiyimə görə, mənə cəhənnəmdə bütün əzab atraksiyonlarından sərbəst istifadə edə bilməyimçün veriləcək kartın şifrəsidir. Bu nömrə mənim əzab kodumdur. Və mənim kodlaşdırmada səhvə yol vermək kimi bir üstünlüyüm yoxdur.
Mən dörd divar arasında sıxıldığım zaman, xərçəngin qısqacları da sənin döşlərini daha möhkəm sıxmağa başlamışdı. Bəlkə də bu taleyin bizə lütfü idi, axı mənim səni bu vəziyyətdə görməyimi əsla istəməzdin. Amma mən sənin yanında ola bilmədim. Bəlkə də bunu özün də bilmirdin amma sənin gözəlliyin mənə güc verirdi. İndi mən gücsüzəm.
Və budur xərçəng bu qədər gözəl bir məxluqu məhv eləməyi qərara almışdı. Və biz uduzduq. Mən səni qoruya bilmədim. Xərçəng bizə qalib gəldi. Daha sənin o səma rəngli gözlərin, gözəl üzün, ağlı başdan alan gülüşün yoxdur. Artıq məndə sənə aid heç nə qalmayıb. Yalnız xərçəngə qalib gəlmiş bu telefon nömrəsi. 

понедельник, 19 сентября 2011 г.

"Kommersiya sirri"















Qraf Böhtan haqda şeirlər.
"Yeni filmin premyerasından bir həftə öncədən" Qraf deyir : "bu insanlar növbəyə dururlar"
Növbədə durduqlarına görə onlara pul ödəyirlər.
Qraf Böhtan səhnədədir, o, yuxarı qaldırdığı əlində vərəq tutub. Ağ vərəq onun üzünü örtür.
Görünən ancaq göy kostyum,  qırmızı qalstuk və tutqun boz rəngli ayaqqabılardır.
Onun biləyində qızıl saat var və saatın üzərində "Təbriklər" yazısı həkk olunmusdur.
Səhnədə projektor şüası əvəzinə, Qrafın sifəti əvəzinə, üzərində böyük şriftlə qəzet sərlövhəsi proyeksiya olunan vərəq görsənir: "Yerli reportyor Pulitser prizini qazanır"
Bu sərlövhənin arxasından Qraf deyir: "Bu insanlar  bütün ömürlərini növbələrdə keçirirlər"
Bir yay blokbasterindən digərinə yaşayırlar.
Film studiya avtobusları bu yeniyetmə-fanatları bir şəhərdən digərinə aparmaq üçün nəzərdə tutulub.
Elmi fantastikadan tutmuş, super qəhrəmanlar haqda olan filmlərə kimi.
Hər həftə yeni şəhər, yeni motel və 13+ yaş həddi olan yeni film və guya ki, onlar bu filmə görə dəli olurlar.
Folqa və kartondan hazırlanmış bu geyimlər,  aydındır ki, onlar  əsl əl işləridir. Paltarlar üzrə şöbə onları hazırlayır və lazım olan ünvanlara göndərir.
Bütün bunlar yerli medianı aldatmaqçün edilir ki, onlar film haqda həqiqi xəbərlər hazırlasınlar və beləliklə də film üçün pulsuz reklam təmin etsinlər. Film ətrafında böyük hay-küy yaratmaq, budur əsas məqsəd.
Bu qədər vaxt və pul. Bunu "kütlənin yetişdirilməsi" adlandırırlar.             

вторник, 13 сентября 2011 г.

Milliləşmiş yəhudi obrazı

Yəhudi ədəbiyyatında “taluş” anlayışı. “Taluş” gənc yəhudi obrazına verilmiş ümumi addır. O, maariflənməyə və intellektual cəhətdən özünü sübut etməyə can atması ilə öz qohumlarının və köhnə tanışlarının dünyasından, onların adət-ənənələrindən qopmuşdur. Bununla belə o, müasir dünyada özünə dayaq tapa bilmir. Bu qəhrəman üçün psixoloji sarsıntılar, öz daxili aləminin ən kiçik detalına belə həddindən artıq diqqət ayırması xarakterikdir. O, adətən depressiya halında olur, daim hədəfi olmayan axtarışlar edir, ümidsizliyə qapılır və nəticədə ruhdan düşür, passivləşir, reallıqla əlaqəsini itirir və hətta bəzən özünə qəsd edir.
 Bu obraz yəhudi ədəbiyyatında 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində mövcud olmuşdur amma Bakı metrosunda əli kitablı bu “taluş”lara hələ də rast gəlmək mümkündür. Onlar hələ də “yaxçı oğlan”ların onların əlindəki kitaba “pis baxacağına” görə məhləyə utana-utana girirlər, hələ də hər baxdığı oğlanda potensial ər görən qızlarımız “kitab oxuyan oğlanın qara qəpiyi də olmaz” düşüncəsi ilə onları yaxın buraxmırlar. Ətrafdakı cəhalət onları sıxır, savadlarına qiymət verilməməsi ruhdan salır, tez-tez “güya oxuyub neyləmisiz” sualıyla qarşılaşır və yalnız onda əsrimizin “taluş”u bəlkə də hər şeyin boş olduğunu fikirləşir. Bəlkə də heç nə öyrənməyib, savadlanmayıb daha xöşbəxt olmaq olardı. Axı bisavad, dar-düşüncəli insanların qəti müəyyən etdiyi doğru və yanlışlar var(o, özü isə daim axtarışdadır) və onlar daha xöşbəxt görsənirlər. Amma artıq çox gecdir və geriyə dönüş yoxdur, cahillik bir zamanlar sonsuz xöşbəxtlik idi.

понедельник, 5 сентября 2011 г.

Allah vs. Ata


Bu yaxınlarda Azərbaycan ensiklopediyasını oxuyurdum və belə bir başlıqla rastlaşdım: “Beşikkəsmə”
Bu başlıq altında olan məlumat belə idi: “Beşikkəsmə adətinə görə oğlan və qız uşaqları hələ qundaqda, yəni beşikdə olarkən, onların valideynləri söz kəsib uşaqlarını bir-birinə deyikli edirlər. Bir çox hallarda bu “nişanlanma” zamanı qızın beşiyinə nişan qoyulduğundan o, “beşikkəsmə” adlanırdı. Bəzən qabaqcadan sövdələşən valideynlərin birinin qız uşağı o birinin oğlundan sonra dünyaya gəldikdə, mamaça körpənin göbəyini kəsdiyi zaman “göbəyini filankəsin oğluna kəsdim” sözlərini dediyindən, bu adət “göbəkkəsmə” də adlanırdı.”
Dəhşətə gəldim, belə çıxır ki, ata hələ heç “fundamenti qoyulmamış” qızını sövdələşmə predmetinə çevirir. “Sövdələşmə”. Nə qədər də iyrənc səslənir, axı söhbət hələ heç dünyaya gəlməmiş günahsız bir varlıqdan gedir...
Əslində ata öz qızının göbəyini dostunun oğluna kəsməyi qərara aldıqda Allahın özünə meydan oxumuş olur, o, öz doğulacaq qızının taleyinin konturlarını artıq indidən cızmağa başlayır. O, hələ heç doğulmamış körpəni dostunun oğluna nişanlamaqla əslində Allaha belə bir mesaj göndərir: “Sən kimsən, ala, mənim qızıma tale yazırsan? Qız mənim deyil? Özüm bilərəm onun başına nə oyun gətirərəm.”
Rəhmdil və sonsuz səbrə malik olan Allah isə ailə daxili işlərə qarışmaq istəmir və ataya qızı üçün “parlaq” gələcək qurmaqda mane olmur. Amma mən Allahın yerində olsaydım, yəqin ki, başqa cür edərdim. Bu qızı on beş yaşında ikən avtomobil qəzasında öldürər və ataya deyərdim: “Hə, nooldu? Çox ora-burana yaxırdın, indi gördün kimin daha böyük olduğunu?”
Elə qızın yerində də olsaydım yəqin ki, ölməyə üstünlük verərdim, çünki ssenarisi illər əvvəl yazılmış bir filmdə aktyor kimi oynadılmaqdansa, ölmək yaxşıdır məncə. Amma yox, adətən belə olmur, ölüm həmin qızlar üçün çox böyük cah-cəlal olardı. Onlar bu həyata məhkum olunublar və adətən öz cəzalarını axıra kimi çəkməli olurlar.
Hə bir də, bu məlumatı oxuyandan sonra bir neçə gün həyətdə topla oynayan kiçik qız uşaqlarını gördükdə çox kövrəlirdim, axı onlar elə gözəl, elə məsum, elə dünyadan bixəbərdirlər ki...

суббота, 27 августа 2011 г.

"Sevgi məsələlərinə fərqli baxış"


·         Bakirəlik dərmanı olan xəstəlikdir.
·         Sehrin gücü yalnız sehirli çubuğun uzunluğundan asılı deyil.
·         Sevgi yalnız nikahla sağalan müvəqqəti ağılsızlıq formasıdır.
·         Yalnız təzəgəlinlə təzəbəy və bir də ki, yalançılar hər gün sevgi ilə məşqul olurlar.
·         Rəqs horizontal istəyin vertikal nümayişidir.
·         On diş həkimindən doqquzu oral seksi məsləhət görür.
·         “Bu ağrıtmayacaq, söz verirəm.”
·         Seks reinkarnasiya etmək üçün doqquz səbəbdən biridir, qalan səkkiz səbəb isə elə də vacib deyil.
·         İstəməyən ərin həmişə istəyən qonşusu olur.
·         Sevginin gözü kordur, onu yalnız nikah aça bilər.
·         Toy tortu nimfamaniyanın dərmanıdır.
·         Hətta dünyanın ən gözəl qızından da bezmiş ən azı bir oğlan var.
·         Sevdiyi zaman müdriklə axmaq arasında heç bir fərq olmur.
·         Qonşunu sev amma heç vaxt tutulma.
·         Seks ancaq utancaqlar və eybəcərlərə qarşı diskriminasiya edir.
·         Sevgi oyunu dünyadakı yeganə oyundur ki, işıqlar söndükdə dayandırılmır.
·         Işıqlar sönəndə bütün qadınlar qəşəng görünür.
·         Qəşəng həmişə səndən uzaqda olandır.
·         Seks qarın yağmasına bənzəyir. Heç vaxt neçə santimetr düşəcəyini və nə qədər davam edəcəyini bilmirsən.
·         Pul ilə sevgini almaq olmur amma o sizə ən azında al-verə girişmək imkanı yaradır.
·         Bir gün arvadınız sizi başa düşməyə başlayacaq amma həmin gündən etibarən o sizə bir daha qulaq asmayacaq.
·         Vicdan günahdan azad etmir, o yalnız həzz almağa mane olur.
·         Sevib itirmək heç vaxt sevməməkdən daha yaxşıdır.
·         Bir vaxt kişini qadına sevdirən cəhətlər bir müddətdən sonra onu kişidən bezdirən cəhətlərə çevriləcəkdir.

вторник, 23 августа 2011 г.

"Allah özü bilən məsləhətdir"


Vaxtilə Yan Qus tonqalda yandırılarkən bu ocağa kiçik bir saman çöpü atmaqla özünə cənnət qazanmaq arzusunda olan qoca qarını görüb demişdi: “Sancta simplicitas” – müqəddəs sadəlik. Qoca qarının cahilliyini göstərmək üçün işlədilmiş bu ifadəni çox təəssüf ki, əsrlər keçməsinə baxmayaraq bizim cəmiyyətin böyük bir hissəsinə aid etmək mümkündür.
Azərbaycan insanının böyük Tanrı inamı sadəlövhlük, nadanlıq, savadsızlıqla birləşərək “müqəddəs sadəliyə” gətirib çıxarır. Insanımız Allahı öz bəşəri səviyyəsindən məişət səviyyəsinə endirir. Həyatındakı hətta ən kiçik uğur və uğursuzluğu belə onun adı ilə bağlayır. Ən primitiv probleminin həllində də Allahdan kömək umaraq onun vaxtını almaqla məşqul olur.
Uzun illər dünyaya uşaq gətirə bilməyən qadın müxtəlif türkəçarə üsullardan istifadə etdikdən sonra təleyilə barışıb “Allah özü bilən məsləhətdir” deyir. Əlbəttə ki, bu tanrının məsləhəti deyil (O ginekoloq deyil), bunun üçün qadın məsləhətxanaları var.
Anasının pensiyasını götürmək üçün bankomata yaxınlaşan cavan oğlan üç dəfə uğursuz cəhddən sonra “ayətül-kürsü”nü oxuyaraq Allahdan bankomata pul qoyulmasında bank işçilərinə yardım etməsini diləyir. Sevimli bəndəsinin diləyini yerinə yetirməyə başı qarışan Allah isə bir anlığa Yaxın Şərq münaqişəsinə nəzarəti əldən verir və bunun nəticəsində minlərlə günahsız insan məhv olur və ya həyat səviyyəsinin yüksəldilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, dünyanın terroristlərdən təmizlənməsi üçün hətta Allahın özündən belə daha canfəşanlıqla çalışan ABŞ yaranan diqqət yayınmasından istifadə edərək növbəti müsəlman ölkəsini bombardman edir.(inanmıram ki, diqqətində olsaydı, bəndələrini həddindən artıq çox sevən  Allah belə fəlakətlərin baş verməsinə imkan verərdi)
Buna görə də, gəlin öz gündəlik və banal problemlərimizlə Allahı daha vacib, daha qlobal məsələlərin həllindən yayındırmayaq. Ola bilsin ki, vaxt azlığından bizim kiçik məsələlərimiz diqqətdən kənarda qalsın amma bu o demək deyil ki, buna görə biz Allahı narahat etməliyik, necə deyərlər: “Allah özü bilən məsləhətdir”