понедельник, 26 марта 2012 г.

"Şərin xeyirxah missiyası"


Ən yaxın dostlarımın biri ilə belə qərara gəlmişik ki, bundan sonra oxuduğumuz hər kitab haqqında nə isə yazacayıq. Tendensiya halını almağını istədiyimiz bu yolda ilk yazını “Master və Marqarita”ya həsr edirəm.
Bəziləri  üçün bu roman dini dəyərlərin təhqiridir, bəziləri üçün insan eybəcərliklərinin ifşasıdır, şəxsən mənim üçün isə bu bir sevgi romanıdır.
Romanda Marqarita həddindən artıq sevdiyi Masteri qaytarmaq üçün mümkün olan və olmayan hər şeyi edir. Sevdiyi kişi üçün ruhunu şeytana satan qadın. Bundan da böyük sevgi? Belə Marqaritan olsa, Master olmağa nə var ki?
Əslində isə roman iki hissədən ibarətdir və Masterlə Marqarita arasında olan böyük sevgidən əsərin ikinci hissəsində bəhs olunur.
Birinci hissə isə Voland adlanan bir şeytan və onun dəstəsinin sərgüzəştlərindən ibarətdir. Onlar müxtəlif üsul və vasitələrlə insanların başına min cür oyun açırlar. Düzdü şeytanın şərinə tuş gələn insanların hamısı aldığı cəzaya layiqdir amma izin verin soruşum: Məgər dünyada cəzaya layiq olmayan insan var ki? Nə isə sözüm onda deyil.
Sözüm ondadır ki, roman bizə öz fundamental, doqmalaşmış dəyərlərimizə yenidən baxmağı təklif edir. Axı nəyin pis, nəyinsə yaxşı olduğunu müəyyən etmək elə də asan bir iş deyil.  Bir də ki, bəlkə də şərin özünün də xeyirxah bir missiyası var. Bilirəm bu fikir bir qədər absurd səslənir amma əsərdə Masterlə Marqaritanın bir-birinə qovuşub xöşbəxt olmasına məhz şeytanın özü kömək edir.
Hə, bir də İsanın edam olunmasına lazımı dərəcədə mane olmadığını düşünən və bundan artıq əsrlərdir ki, əzab çəkən Ponti Pilat. Roma imperiyasının İudeyadakı beşinci və ən qəddar canişininin yumşaq ürəyini göstərir bizə bu roman.
Yazımı kitabın epiqrafı ilə bitirmək istəyirəm. "... axı sən kimsən? - Mən daim pislik arzulayan və daim yaxşılıq edən qüdrətin bir hissəsiyəm."  Göte. "Faust"

суббота, 24 марта 2012 г.

"Çəkilişdən sonrakı mərhələ"


Çak Palanik
Təqib Olunanlar

Çəkilişdən sonrakı mərhələ. (hekayə)


Tess və Nelson Klark, ilk bir neçə gün, onlar heç nə olmayıbmış kimi yaşamağa davam etdilər. Bu o demək idi ki, onlar iş paltarlarını geyinib maşına oturur və ofislərinə gedirdilər. Həmin gecə onlar heç nə danışmadan mətbəxdə oturmuş, yemək yemişdilər.
Hə, nə olsun ki?
Kameranı kirayəyə verən yerdən zəng edib avadanlıqların geri qaytarılmasını istəmişdilər.
Nelson evdə, Tesslə bir yerdə idi amma yox, bəlkə də o, evdə deyildi.
Yalnız üçüncü gün Tess tualetə getmək üçün çarpayısından qalxdı. O, heç iş yerinə zəng edib xəstə olduğunu deməyə də ehtiyac görməmişdi. Nə etməsindən asılı olmayaraq onun ürəyi dayanmadan döyünürdü. Amma demək olmazdı ki, o, nə isə edirdi.
Içkiyə başlamağa dəyməzdi, nə də ki, avtomobilin səs boğucusundan çıxan zəhərli qazları sürücünün yan şüşəsindən içəri salmaq üçün lazımı ölçüdə boru axtarmağın faydası var idi. Güclü uyuşdurucu həb verməsi üçün həkimə gedib yalan danışmaqdan da bir şey çıxmayacaqdı. Onun edə biləcəyi digər şeylər də, məsəlçün venalarını doğramaq da, bu problemin həlli üçün düşünülmüş növbəti səfeh planlardan biri kimi görsənəcəkdi.
Işıqlar və kamera hələ də Klarkların çarpayısının ətrafında idi.
Intihar etmək Tessin öz həyatını qaydaya salmaq üçün fikirləşdiyi növbəti aqressiv planlardan biri idi. Işıqları və kameranı yandırsaydı, bu ölüm səhnəsini lentə də almaq olardı.
Sonda baş qəhrəmanın öldüyü, iki hissədən ibarət pornoqrafik bir film. Kiçik televiziya serialı. Daha bir Böyük Proyekt. Daha bir başlanğıc, orta və son.
Işə getmək dəlilik kimi görsənirdi. Yemək yemək göydən düşən atom bombasının kölgəsində zanbaq kökləri əkmək qədər ağlasığmaz idi.
Keçmişə baxmağın indi bəlkə də heç bir mənası yoxdur amma onların ehtiyat üçün yığdıqları pullara Nelson nəzarət edirdi. Məhz Nelson demişdi ki, onların dünyaya uşaq gətirə bilmələri üçün lazım olan pulu ancaq böyüklər üçün film çəkməklə əldə etmək olar.
“Bir gün”, xanım Klark deyir: “bu sizin başınıza gələcək və elə həmin an sizə elə gələcək ki, siz indiki yaşınızdan yüz yaş daha böyüksünüz.”
Səhərdən axşama kimi çarpayıda uzanmaqlarının beşinci günü onlar hətta and içməyə də hazır idilər ki, əbədi yaşayıblar. Günbəgün, heç nə etmədən çarpayıda uzananda sən vampir olmağın əslində necə bir şey olduğunu hiss etməyə başlayırsan. Təsəvvür edin ki, siz artıq min illərdir ki, yaşayırsınız və eyni bir səhvi dayanmadan, dönə-dönə təkrar edirsiniz. Min illərdir ki, siz barlara və klublara gedir və bununla da əla vaxt keçirdiyinizi düşünürsünüz. Siz diqqət mərkəzində olduğunuzu fikirləşirsiniz. Sizin əriniz var və sizə elə gəlir ki, o, çox yaraşıqlıdır. Siz fikirləşirsiniz ki, siz hər ikiniz tamamilə “bomba şey”siniz.
Klarklara elə gəlmişdi ki, bir çox cütlüklər məhz böyüklər üçün film çəkməklə varlanırlar. Pornoqrafik filmlərə tələbat böyük olduğundan həvəskar-video industriyası populyarlaşmışdı. Onlardan başqa, bütün cütlüklər boş vaxtlarında məhz bu yolla əlavə gəlir əldə edirlər. Digər evli cütlüklər öz sekslərini heç kəs baxmadan, heç kəs qiymətləndirmədən, boş yerə sərf etmirlər. Ilk öncə onlar kamera və montaj stolu kirayə edəcəkdilər. Film üçün distribütor tapacaqdılar. Nelson demişdi ki, evli olduqları üçün bu heç günah da olmayacaq.
Indi çarpayıdan qalxıb bu videolenti silməyin də heç bir mənası yox idi. Bu, sənə doğrunu göstərdiyi üçün güzgünü sındırmaq kimi bir şey olardı. Bəd xəbər gətirəni öldürmək kimi bir şey.
“Günbəgün, heç nə etmədən çarpayıda uzananda” xanım Klark deyir: “siz anlayırsınız ki, vampirləri öldürən heç də taxta paya olmamışdır.” Bunun əsl səbəbi onların asrlər boyu daşımalı olduqları emosional yükün və məyusluqların nəticəsidir.
Sən vaxt keçdikcə daha zarafatcıl və daha ağıllı olduğunu fikirləşmək istəyirsən. Sənin bütün cəhdlərin Böyük Qələbəyə yönəlib. Yəqin ki, ilk bir neçə yüz il vampirlər də belə fikirləşirlər. Bundan sonra isə sənin həyatında yalnız, sayı iki yüz qatına vurulmuş, bir-birinə oxşayan yarımçıq münasibətlər qalacaq.
Hə, nə olsun ki?
Daimi cavanlığın ən pis cəhəti odur ki, sən bütün işlərini yubatmağa meyl edirsən. Buna görə də Klarklar porno videonu necə çəkmək lazım olduğunu öyrəndilər. Bura Nelsonun öz cinsiyyət orqanının ətrafındakı qılları qırxması da daxil idi, bu onu daha böyük göstərəcəkdi. Tess döşlərinə onurğasının güclə saxlaya biləcəyi böyüklükdə silikonlar qoydurdu. Bir neçə saat ərzində o, sizin ancaq porno filmlərdə görə biləcəyiniz döşlərə sahib oldu. Sonra o, dodaqlarını şişirtdi, bu onun üzünə minet edən qadın mimikası verdi və bu mimika ömrünün axırına kimi onun üzündə qalacaqdı. Klarkların hər ikisi solyariyə getməyə başladılar, gündə iki dəfə, iyirmi dəqiqəlik seanslara. Onlar hər bir kadra dəqiq vaxt kodu verməklə filmi necə montaj etmək lazım olduğunu bir-biriləri üçün ucadan oxuyurdular.
Hər bir çəkiliş anı saat, dəqiqə, saniyə və dəqiq kadr nömrəsi ilə kodlaşdırılır. Məsələn: 01:34:14:25 kodunun mənası budur: lentin birinci saat, otuz dördüncü dəqiqə, on dördüncü saniyə və iyirmi beşinci kadrı. Hətta porno filmi montaj edərkən belə sən saxta reallıq yaratmalısan. Hadisələrin ardıcıllığını elə qurmalısan ki, bu həqiqi münasibətə oxşasın. Kadrların bu ardıcıllığı tamaşaçını bir seks aktından digərinə aparmalıdır. Saxta davamlılıq yaratmalısan. Tamaşaçı bu illüziyaya inanmalıdır.
10:22:19:02-dən əvvəl onlar oral seksə aid olan kadrları çəkdilər.
Klassik seks hissəsini onlar 25:44:15:17-yə kimi çəkib bitirdilər.
31:25:21:09-a kimi onlar bir az anus ətrafı və bir az da vagina ətrafı seksə aid çəkilişlər apardılar.
Və onlar çəkilişləri 46:34:07:15-də anal sekslə yekunlaşdırdılar.
Bu filmlərin hamısı eyni cür bitdiyindən, vacib olan əsas məsələyə çatana qədər olan hekayə, yəni böyük orqazma gedən yoldur. Orqazm özü isə sadəcə bir formallıqdır. Belə filmlərin hamısı orqazmla bitir.
Yadda saxlanılmalı olan digər şey isə odur ki, bir kadrın uzunluğu yeddi - on beş saniyədən çox olmamalıdır. Tess və Nelson hər dəfəsində təxminən iyirmi saniyə işləyirdilər. Bundan sonra onlar qalxıb kameranın “pauza” düyməsini basır, kameranı başqa bucaq altından qoyur və yenidən kadrın çəkilməsinə davam edirdilər. Növbəti iyirmi saniyəlik kadr. Onların evlilikləri təzə idi və onlar hələ seksdən bezməmişdilər amma ilk çəkiliş günündən sonra onları davam etməyə vadar edən yeganə şey pul idi. Pul və uşaq.
“Biz hər ikimiz”, xanım Klark deyir: “veriləcək ət tikəsinə görə rəqs edən itlər kimiydik”.
Ən pisi isə o idi ki, Tess və Nelson çəkilişlər zamanı heç vaxt olmadıqları qədər qəşəng görsənirdilər. Bütün bir həftəni onlar çarpayıda keçirdilər. Iyirmi saniyəlik parçalarla da olsa, onlar təxminən qırx səkkiz saat sekslə məşğul olmuşdular. Işıqların istisi onların qaralmış bədənlərindən tər çıxarırdı.
Ehtiraslarının ölməməsi üçün onlar kadrdan kənarda televizor qoydular. Artıq onlar həm özləri porno filmə çəkilir, həm də eyni zamanda digər bir porno filmi izləyirdilər. Bu, onlar üçün həm də replika lövhəsi və ya tele-suflyor rolunu oynayırdı, artıq onlar həmin filmdəki hərəkətləri də təqlid edə bilərdilər. Klarkların etdiyi kimi o filmdəki insanlar da kameradan kənara, öz kamera arxası filmlərinə baxırdılar. Bu vuayörizm zənciri, yəni Klarkların kimisə izləməsi, onların da öz növbəsində kimisə izləməsi və bu izlənilənlərin də bir başqasını izləməsi, gözəl hiss idi. Tess və Nelsonun baxdığı video təxminən beş il bundan qabaq çəkilmiş olardı. Ordakı kişilər uzun bakenbard saxlamışdılar, qadınların isə sallanan sırqaları var idi və onlar parlaq göy rəngli göz kölgəsindən istifadə etmişdilər. Həmin filmdəki insanların izlədiyi filmin neçə il bundan qabaq çəkildiyini isə bilmək çətindir amma dövrlər arasında bu cür zəncirvari əlaqənin olması Klakların özlərini daha yaxşı hiss etmələrinə kömək edirdi.
Həmin filmdəki insanlar Klarklarla eyni yaşda olardılar amma artıq onlar orta yaş həddinə yaxınlaşmağa başlamışdılar. Onlar öz əzələli, uzun və yaraşıqlı əl-ayaqları ilə cavan görsənir və cox cəld hərəkət edirdilər, elə bil vaxtla yarışırdılar.
Sifətlərində təbəssüm yaratmaq üçün Klarklar növbə ilə bir-birilərinə qazanacaqları pullarla nə edəcəkləri haqda danışırdılar.
Ev alacaqlar.
Meksikaya səyahət edəcəklər.
Həqiqi filmlər çəkəcəklər. Tammetrajlı bədii filmlər. Öz şəxsi kinostudiyalarını açacaqlar və bundan sonra bir daha başqaları üçün işləməyəcəklər.
Əgər qız uşaqları olsa, adını Kassi qoyacaqlar. Əgər oğulları olsa, Bakster. Bir gün onlar öz uşaqlarına onun necə doğulduğu haqda videonu yox, necə mayalandırıldığı haqda videonu göstərəcəklər. Bakster görəcək ki, onun valideynləri nə qədər də ehtiraslı və müasir olub. Onlar bunun çox proqressiv olduğunu düşünürdülər.
Və bundan sonra onlar ömürləri boyu heç vaxt sekslə məşğul olmaq məcburiyyətində qalmayacaqlar.
Iş çətinləşdikcə onlar daha çox pul qazanacaqlarını düşünürdülər. Bir-birinin çatlamış dərisinə toxunmaq daha çox ağrı verməyə başladıqca, tərdən islanmış, soyuq matrasa uzanmaq daha da çətinləşdikcə, onlar özləri üçün daha parlaq gələcək qurmağa məcbur olurdular. Gülümsəməkdən onların sifət əzələləri ağrıyırdı. Sığallanmaqdan dəriləri qıp-qırmızı yanırdı. Bu marafon davam etdikcə onlar əldə edəcəkləri mükafatı öz gözlərində inanılmaz dərəcədə böyüdürdülər.
Sonra hər şey çox tez bir zamanda bitdi. Həkimin sizin xəstəliyinizin ölümcül olmasını deməsi qədər, hakimin ölüm hökmünü oxuması qədər tez.
Klarklar bir-birilərinə təsəvvür edə biləcəkləri hər şeyi etmişdilər. Indi ancaq bir şey qalırdı, çəkilmiş lenti montaj etmək.
Güman olunurdu ki, bu işin ən əyləncəli hissəsi olacaq.
Insanın həqiqətdə necə göründüyü ilə özünün özünü necə təsəvvür etdiyi arasındakı fərq öldürücü ola bilər. Və bəlkə də vampirlərin ölməməsinin səbəbi onların heç vaxt özlərini şəkildə və ya güzgüdə görə bilməməsidir.
“Heç bir montaj” xanım Klark deyir: “bizi xilas edə bilməzdi.”
Daha heç bir aerobika məşqi, heç bir plastik əməliyyat onların əvvəlki kimi, bu lenti izləməmişdən qabaq, özlərinin özlərini təsəvvür etdiyi kimi görünmələrinə kömək edə bilməzdi. Onların ekranda gördüyü yeganə şey iki tüksüz heyvan idi. Tüksüz, tünd çəhrayı rəngli, qeyri-düzgün proporsiyalı iki heyvan. Qısa ayaqları, uzun boyunları, iri gövdələri və dəqiq seçilməyən bel xəttləri ilə onlar qarışıq-cinsli itləri xatırladırdılar. Onların üzündən ağızlarını qulaqlarının dibinə çatdıran təbəssüm əskik olmurdu və hərdənbir hələ də kiminsə onlara diqqət verdiyinə əmin olmaq üçün gözucu kameraya baxırdılar. Düz görsənməsi üçün onlar qarınlarını içəri dartırdılar.
Bu adi eybəcərlikdən daha pisi isə o idi ki, onlar artıq qocalırdılar. Onların nazik dodaqları bir-birinə yapışmış, qoca dəriləri torba kimi sallanmış və bədənlərindəki bütün deşiklər büzüşmüşdü. Onların bir-birinə sarılmış bədənləri çox böyük sürətlə işləyən və sonda qırılıb-dağılmağa məhkum olunmuş qorxunc maşınlar kimi yırğalanırdı.
Nelsonun şeyi əyri və çirkin görünürdü, o Çin mağazasının arxasındakı zibil qabından çıxan tərəvəzlərə oxşayırdı. Tessin böyük dodaqlarına və döşlərinə istənilən ikinci dərəcəli pornoda rast gəlmək mümkündür. Əməliyyatdan qalmış yara yerləri hələ də onun dərisində qızarırdı.
Hə, nə olsun ki?
Onlar özlərini müxtəlif bucaqlardan, müxtəlif pozalarda izlədikcə Tess Klark ağlayırdı. Onların   bədənlərinin bütün hissələri, ayaqlarının arasında gizlətdikləri sirrlər, qoltuqlarının altında gizlətdikləri tüklər, təpədən dırnağa kimi hər şey aşkar idi və onlar bütün bunlara baxırdılar. Və kasetin lenti qurtarıb onları qaranlıq otaqla baş-başa buraxana qədər də baxmağa davam etdilər.
Bəli, onlar bu idilər.
Onlar daha bir film çəkə bilərdilər. Öz prodakşnlarını da aça bilərdilər. Amma indi nə edirlərsə etsinlər, onlar bunun real olmadığını biləcəklər. Onlar bir daha heç vaxt özlərinin özlərini təsəvvür etdikləri kimi olmayacaqlar.
Və nə qədər çox çalışmağın, nə qədər çox pul qazanmağın heç bir mənası yoxdur, onlar hər ikisi öləcəklər.
Kirayəyə götürülmüş kamera ilə onlar bir-birilərinə bütöv bir ömür üçün nəzərdə tutulmuş marağı iki gün içində sərf etdilər. Artıq onların bir-biri üçün heç bir sirrli cəhəti qalmamışdı.
İşıqlar və kamera, “ABC Rentals” onları geri almaq üçün etdiyi zənglərə ara vermirdi. Sonda onların bu kirayə kompaniyasına olan borcunun miqdarı o qədər artdı ki, heç illərlə yığdıqları pulla da onlar bu borcu bağlaya bilməzdilər.
Nelson Klarkın kamera və işıqları yığışdırıb aparmaq üçün yataqdan qalxdığı gün. Həmin gün o, evə gəlmədi.
Həmin həftə gəlməyən bir digər şey isə xanım Klarkın periodu oldu.
“Bu iki nəhəng döş” xanım klark deyir: “Güman olunurdu ki, onlar vergi ödənişi təminatı olacaqlar”. Sadəcə böyük və ana nəvazişi hissi oyadan nəyinsə görünüşü. İndi isə məlum olmuşdu ki, onların uşağı olacaq.
Nelson Klark bir daha evə qayıtmadı. Belə böyük şəhərlərdə yüzlərlə ər öz arvadını atır. Uşaqlar evlərini tərk edir. Arvadlar qaçır. Insanlar qeyb olur.
Hə, nə olsun ki?
Tess Klark bu videolenti yandırmışdı amma hər dəfə gözlərini yumanda bütün səhnələr onun beynində canlanırdı. Baxmayaraq ki, üstündən on altı il keçmişdi. Baxmayaraq ki, artıq onların uşağı doğulmuş, böyümüş və ölmüşdü. O, bu uşağı Kassandra adlandırmışdı.

İngiliscədən tərcümə edən: Baxışlı Zaur