среда, 18 июля 2012 г.

Frommun İnsest Haqda Fikirləri


Frommun "Psixoanaliz və Din" kitabından növbəti tərcüməm.

Freydə görə bütün nevrozların özəyini Edip kompleksi (bu haqda ayrıca yazı yazacam, narahat olmayın)  təşkil edir: ruhi nasazlıq uşaq əks cinsdən olan valideynindən infantil asılıqdan xilas ola bilmədiyi təqdirdə meydana çıxır. Freyd insestuoz impulsları (insest – yaxın qan qohumları ilə cinsi əlaqə (Freydin insest anlayışı haqda da ayrıca yazı yazacam)) insanın dərin seksual ehtirası olaraq görürdü.

Lakin, Freydin bu kəşfinin əsil mahiyyəti onu seksual sferadan şəxsiyyətlərarası sferaya keçirtdikdə ortaya çıxır. İnsestin məğzi heç də insanın öz ailə üzvlərinə olan seksual meyli deyildir. Bu meyl əslində daha dərin və fundamental bir istək olan uşaq qalmaq istəyinin təzahür formalarından biridir.

Bu insanın onu qoruyan fiqurlara bağlı qalmaq istəyidir və bu fiqurlardan birincisi və ən vacibi anadır. Döl ana ilə və ana hesabına yaşayır; doğum aktı azadlıq və müstəqilliyə doğru atılmış ilk addımdır. Körpə doğulandan sonra da hələ də bir çox cəhətdən ananın ayrılmaz bir hissəsidir; onun əsil azad insan kimi doğulması uzun illər çəkir – bu proses faktiki olaraq insanın bütün ömrü boyu davam edir.

Fiziki yox, psixoloji mənada göbəyin kəsilməsi insan inkişafı üçün böyük bir çağırışdır və insanın həyatdakı ən çətin vəzifəsidir. Nə qədər ki, insan bu ilkin bağlarla anası, atası, ailəsi ilə bağlıdır o, özünü təhlükəsizlikdə hiss edir. O, hələ də döldür və kimsə bir başqası onun üçün cavabdehdir. O, öz hərəkətləri üçün cavbdeh olan, təklikdə qərar verməli olan, həyatının iplərini öz əlinə alan “ayrıca” bir varlıq olmaq istəmir.

Uşaq qalaraq, insan yalnız öz Mənini tam dərk edərkən yaranan labüd təşvişdən qaçmaqla qalmır, həm də ailəsinin verdiyi təhlükəsizlikdən zövq alır. Amma bu insana çox baha başa gəlir. O, tam, mükəmməl insan ola bilmir, öz ağlını və həqiqi sevgi qabiliyyətini inkişaf etdirə bilmir; o, asılı olaraq qalır və ilkin bağların qopması təhlükəsi yaranan kimi öz zəifliyini hiss edir.

Onun bütün əqli və emosional hərəkətləri ilkin qrupun (bu halda valideynlərinin) avtoriteti ilə bağlıdır, buna görə də onun fikirləri və intuisiyaları onun özünə aid deyildir. İnsestuoz orientasiyalı adam yalnız tanıdığı insanlara yaxınlıq hiss edə bilir, tanımadığı(yəni özünə oxşamayan) insanlarla isə yaxın əlaqəyə girə bilmir. Belə orientasiyada bütün hisslər və ideyalar yaxşı və pis, doğru və yalan terminləri ilə deyil, tanış və tanış olmayan terminləri ilə qiymətləndirilir. İnsan olmaq üçün insan gərək bütün insestuoz əlaqələrini qırsın və tam azadlıq əldə etsin.

Valideynlərə bağlılıq insestin yalnız bir amma ən fundamental formasıdır; sosial təkamül prosesində tayfa, millət, irq, dövlət, sinif, siyasi partiya və bir çox digər, institusional formalar və təşkilatlar tanış, doğma olurlar (yəni valideyni əvəz edirlər). Milliyətçiliyin və irqçiliyin köklərini məhz burda axtarmaq lazımdır, hansı ki, öz növbəsində insanın özünü və digərlərini azad varlıq kimi qəbul eləyə bilməməsindən irəli gəlir.

Deyə bilərik ki, insanın inkişafı insestdən azadlığa doğru gedir. Elə məhz bu da insest tabusunun nəyə görə bu qədər universal olmasını izah edir. Əgər insan öz yaxınlıq tələbatını öz ata-anası, bacı-qardaşlarından  digər insanlara tərəf yönəldə bilməsəydi,  bəşəriyyət inkişaf edə bilməzdi.

Qeyd: Mötərizələrdəki qeydlər özümə aiddir.

воскресенье, 15 июля 2012 г.

Sürü Psixologiyası Haqqında


Erix Frommun "Psixoanaliz və Din" kitabından tərcümə etdiyim kiçik bir hissəni təqdim eləyirəm.

İnsan öz yaradılışı etibarı ilə sürü heyvanıdır. Onun hərəkətləri başçını izləmək və ətrafında olan heyvanlarla bir yerdə qalmaq kimi instinktiv impulslarla müəyyən olunur. Sürü daxilində olduğumuz müddətdə bizim varlığımız üçün heç bir təhlükə yoxdur, sürü ilə əlaqələri itirib tək qaldıqda isə vəziyyət əks istiqamətdə dəyişə bilər. 

Doğruluq və yanlışlıq, həqiqət və yalan sürü ilə təyin olunur. Amma biz təkcə sürü deyilik, biz həm də insanıq; bizim özünüdərk hissimiz var, bizə şüur verilib və bunlar öz təbiəti etibarı ilə sürüdən asılı deyildir. Biz başqalarının bizim həqiqət haqqında təsəvvürlərimizi bölüşüb-bölüşməməsindən asılı olmayaraq, öz düşüncələrimizin nəticələrinə əsasən də hərəkət edə bilərik.

Amma nə qədər ki, biz sürüdəyik bizi ağıl yox, tamamilə başqa bir prinsip – sürüyə sadiqlik prinsipi idarə edir.

Nə qədər ki, tam azadlıq qazanılmayıb insan çoxluğun həqiqət kimi qəbul etdiyini özü üçün də həqiqət kimi qəbul edəcək.  Onun fikirləri sürü ilə əlaqəyə ehtiyac və təcrid olunma qorxusu ilə müəyyən olunacaq.

Çox az insan digər insanlarla əlaqəni itirməkdən qorxmayaraq, tənhalığa dözərək həqiqəti söyləməyə qadirdir. Onlar bəşəriyyətin əsil qəhrəmanlarıdır. Əgər onlar olmasaydı, biz hələ də mağaralarda yaşayardıq. 

Amma insanların böyük əksəriyyəti qəhrəman deyildir və onların ağlı yalnız müəyyən sosial quruluşda inkişaf edir. O quruluşda ki, orda insana hörmət edilir, ondan dövlətin və ya hər hansı qrupların məqsədlərində alət kimi istifadə olunmur, insan tənqid etməkdən qorxmur, həqiqət axtarışı onu qardaşlarından ayırmır. Yalnız fərqli fikirlərin normal qəbul olunduğu cəmiyyət yaradılarsa, insan obyektivliyin və ağılın ən yüksək səviyyəsinə çata bilər.  

пятница, 13 июля 2012 г.

Adını siz qoyun

Yaxşı və pis. Əlbəttə ki, bunlar nisbi anlayışlardır. Yəni bir şey yalnız digərinə nisbətən yaxşı və ya pis ola bilər. Bunu yoxlamaq üçünsə bizə müqayisə obyekti lazımdır. Yəni, biz yalnız nəyisə digəri ilə müqayisə etdikdə onun digərinə nisbətən yaxşı və ya pis olduğunu anlayırıq.

Bütün bu müqayisələrin səbəbi sözsüz ki, insanın mükəmməllik, “daha yaxşısı” axtarışları ilə bağlıdır.
Amma hər şey o qədər də asan deyil. Bizim böyük bir problemimiz var ki, o da cəmi bir həyatımızın olmasıdır.  Yəni ki, müqayisə üçün materialımız yoxdur. Bir addım atırıq amma “bu addımın yerinə digərini atsaydım necə olardı?” sualının cavabı bizim üçün əbədi qaranlığa bürünmüşdür.

Bir də ki, bizim geriyə qayıdıb səhvlərimizi düzəltmək kimi bir üstünlüyümüz də yoxdur. Məsələn, hər hansı bir rəssam öz rəsm əsərinin gözəl olması üçün ona istənilən qədər düzəlişlər edə bilər və ya bir filmin hər hansı kadrının istənilən kimi alınması üçün təkrar-tərar çəkilişlər edilə bilər, insanın isə belə düzəlişlər, belə təkrar çəkimlər etmək kimi bir imtiyazı yoxdur.

Milan Kunderanın “Varolmanın Dözülməz Yüngüllüyü” romanında əsas mövzulardan biri də elə budur. İndi sizə o kitabdan bir neçə sitat yazıram:

“İnsanın yalnız bir həyatı var, ona görə də biz hansı qərarlarımızın doğru, hansılarınsa yanlış olduğunu heç vaxt öyrənə bilməyəcəyik.”

"Hadisələr necə cərəyan edirsə, elə də yaşayırıq. Öncədən xəbərdar edilmədən, rolunu əzbərləmədən səhnəyə çıxan teatr aktyorları kimiyik. Həyat öncəsi ilk məşq elə həyatın özüdürsə, nə mənası var yaşamağın ? Həyatımız bir rəsmin heç vaxt rəsmə çevrilməyək ilkin eskizidir."

 “Hər məktəbli oğlan müxtəlif elmi fərziyyələrin doğru olub olmadığını yoxlamaq üçün fizika laboratoriyasında eksperimentlər apara bilər amma insan yalnız bir yaşanacaq həyatı olduğuna görə hisslərinin onu doğru yola aparıb aparmadığını yoxlamaq üçün eksperimentlər apara bilməz.”

“Einmal ist keinmal” deyir bir alman aforizmi. “Yalnız bir dəfə olmuş bir şey heç olmamış kimidir.”

Əsərin baş qəhrəmanı olan Tomasın belə bir çox maraqlı fikri var: O, düşünür ki, kosmosun ənginliklərində, hardasa bir yerdə bir planet var və Yerdə ölən insanlar o planetdə yenidən anadan olurlar. Bu yenidən doğulan insanlar öz keçmiş həyatlarından xəbərdardırlar və öz keçmiş həyatlarını, ondakı səhvlərini-düzlərini, uğurlarını-uğursuzluqlarını, doğru və yanlış qərarlarını çox yaxşı xatırlayırlar. Beləliklə də, onların əlində daha gözəl yaşamaq, keçən həyatdakı səhvləri təkrarlamamaq, səhv hesab etdiyi addımların yerinə başqa addımlar atmaq kimi şans var. Bütün bunlar ikinci planetdə baş verəcək, sonra üçüncü, dördüncü, beşinci planetlər. Beləliklə də biz eyniylə bir rəssamın öz əl işiylə elədiyi kimi, öz həyatımızda dəfələrlə düzəlişlər etdikdən sonra mükəmmələ nail olacağıq.

среда, 4 июля 2012 г.

"Kasıbların Mahnısı"


Yenə Frommdan bir yazı yazmışam amma zənnimcə mövzu aktualdı.

Bu yazını uğursuzlara, qabağa getmək istəyənlərə, çoxlu pulu olana paxıllıqla baxanlara, bir başqasının yerində olmaq istəyənlərə, həyatın mənasını “Hilton”un 26cı mərtəbəsində oturmaqda görənlərə, bir sözlə hamıya və özümə həsr edirəm. Uğursuzların yazısıdı bu yazı...

Nadir hallarda qabiliyyət və dürüstlük uğur gətirir. Uğurun formulu özündə “özünü satmaq”, “mənliyini alçaltmaq”, “ambisiya”, “aqressivlik” kimi naqis komponentləri birləşdirir.

İnsanın özünə münasibəti qaçılmaz şəkildə uğur standartları ilə şərtləndirilmişdir. İnsan özünü - alıcını ən yüksək və əlverişli qiymətlərlə cəlb etmək üçün nəzərdə tutulmuş - bir mal kimi hiss edir. Təklif olunan qiymət nə qədər yüksəkdirsə, insan özünü bir o qədər dəyərli hesab edir. İnsanın dəyəri onun satış bazarındakı qiymətindən asılıdır. İnsan-mal özünü piştaxtada sərgilənən assortiment arasında fərqləndirməyə çalışır.  O, ən yüksək qiymətə layiq olmağa çalışır amma əgər ona fikir vermir, digərlərini götürürlərsə, onda o, keyfiyyətsizlik və faydasızlıqda günahlandırıla bilər.

İnsan həyatda yüksək məqsədlər axtarmaqla məşğul olmağı dayandırıb və özünü öz əliylə yaratdığı iqtisadi maşının alətinə çevirib. İnsan effektivlik və uğur haqqında, xöşbəxtlik və qəlbin inkişafı haqqında fikirləşdiyindən daha çox fikirləşir. Yəni Fromm demək istəyir ki: Hər nə qədər gözəl insani keyfiyyətlərə malik olsan da, yaxşı maaş almırsansa deməli dəbdən düşmüsən.

P.s.Mən uşaq olanda Anar Nağılbazın "Kasıbların Mahnısı" adlı bir mahnısı vardı, çox çoxdan olub bu söhbət, çörək almağa avtomatla getdiyimiz vaxtlar idi, oğlanların sevgililərinin dalıyca tankla getdiyi vaxtlar...