понедельник, 1 декабря 2014 г.

İmtina; Uğur və Uğursuzluq haqqında

İlk öncə ondan başlayım ki, uşaqlıq vaxtından uğursuzluğa çox böyük meylim olub. Həmişə ikincilərə birincilərdən daha çox simpatiyam olub, kölgədə qalmaq, üzdə olmamaq daha çox cəlb edib məni. Məhv olmuş insanların həyatına heyranlıqla baxmışam. Bütün bu hisslər şüuraltı səviyyəsində həmişə dominant olub məndə. Uşaqlıqda ən böyük arzum böyüyüb çox uğursuz, məhv olmuş, cəmiyyət tərəfindən rədd olunmuş birinə çevrilmək olub. 

Amma yaşım artdıqca fikirlərim tamamilə əks istiqamətdə dəyişdi. Bunun iki səbəbi var. 1cisi uğurlu olmaq, uğursuz olmaqdan daha asandır. Ən azı psixoloji sferada. Uğurlu insan daha rahatdır, əgər uğurlusunuzsa bütün cəmiyyət sizə qucaq açır(ailənizdən başlayaraq), uğursuz üçün isə çox çətin olur. Cəmiyyət sizi qəbul etmir, özünüz özünüzü qəbul etmirsiniz, qlamurlaşan dünyada bomj kimi yaşamaq asan gəlməsin sizə. Bir dəfə hər səhər kürü yeyən bir dostuma bir ay kürü yemə, ona xərclədiyin pulu ehtiyacı olanlara ver dedim. Adam cavabında mənə “mən öz rutinimi poza bilmərəm” dedi. Kiminsə hər səhər kürü yediyi bir dünyada bomj kimi yaşamağı seçmək ağılsızlıqdır məncə. Onsuz da sonda hamımız öləcəyik sözünə çox ağıllı bir yaxınım, “baxır necə ölmək” cavabını vermişdi. Sözüm ondadır ki, zibil yeşiyinin yanından üfunət iyi verən meyitinizin tapılması seçim deyil. 

Seçim demişkəm, 2ci səbəb isə elə məhz uğursuzluğun seçim olmamasıdır. Yəni uğurusuz olmağı insan özü seçmir, uğursuz olmaq üçün sadəcə olaraq heç nə etməmək kifayətdir. İndi deyəcəksiniz ki, heç nə etməmək özü də bir seçimdir. Düz deyirsiz amma icazə verin fikrimi başa salım. Uğursuzluğun seçim olması üçün birinci uğurlu olmaq lazımdır. Yəni birinci gərək siz uğurlu adama çevriləsiniz, əgər bundan sonra siz özünüz şəxsən uğurlu olmaqdan imtina edib uğursuzluğu seçirsinizsə, onda bax, bu olur həqiqi seçim.


Bayaqkı cümlədə imtina sözünü işlətdim, gəlin elə bir az ondan da danışaq.İmtina özü-özlüyündə çox gözəl bir şeydir amma bu da bir az qarışıq anlayışdır. Məsələn siz çox şeydən imtina edə bilərsiniz, zorakılıqdan, pis vərdişlərdən, yüksək həyat standartlarından və s. Bunu sizə qəlbinin dərinliklərində, çox böyük bir mütilik yatan, əlində olan çox az şeylə qane olan bir bakılı kimi deyirəm. 

İmtina ilə vəziyyət yenə uğur və uğursuzluq kimidir. Yəni siz ömür boyu bir Jiquli sürüb, bunun sizi tamamilə qane etdiyini və bundan daha artığını istəmədiyinizi deyirsinizsə, tamamilə yanılırsınız. Gəlin mən sizə bir dənə İnfiniti verim, bir az onu da sürün, sonra görüm o əvvəl sürdüyünüz Jiquli sizi qane edəcək ya yox. Sadəcə olaraq siz kasıb olduğunuzu boynunuza almaq istəmirsiniz və sizdə buna qarşı psixoloji müdafiə mexanizmi yaranır. Bu mexanizmin adına da intellektualizasiya deyirlər. Yəni siz, Jiqulinin daha az benzin sərf etdiyini, əlavə hissələrinin daha ucuz olduğunu, 75 at gücünün şəhər üçün tamamilə yetərli olduğunu deyirsiniz. Amma unudursunuz ki, dostunuz öz maşının motorunda sizinkindən azı bir neçə dəfə çox ilxı saxlayır. 

Yəni, başa düşürəm insanlar öz əlləri ilə iqtisadi bir maşın qurublar və özlərini bu maşının alətinə çeviriblər. Bunların hamısını mən çox gözəl dərk eləyirəm. Sizin bu maşının aləti olmamaq istəyiniz də mənə çox tanışdır. Sadəcə demək istədiyim odur ki, qıraqdan baxıb “mən onların yaşadığı kimi yaşamaq istəmirəm” demək düzgün deyil məncə. Çünki sən onsuz da onlar kimi yaşaya bilmirsən, gəl sən birinci onlar kimi yaşayacaq qədər uğurlu ol, o səviyyəyə(və ya səviyyəsizliyə) çat, ondan sonra sənin qarşında həqiqi seçim olacaq. Yəni bütün bu əldə etdiklərindən sonra, yenə də “yox, mən tək-tənha, zibil qablarının yanında, sidik iyi verə-verə ölmək istəyirəm” deyirsənsə onda seçim sənindir.