пятница, 21 февраля 2014 г.

Sosial Nekrofiliya


Aşağıda Frommun sosial nekrofiliya haqqında fikirlərinin bir qismi ilə tanış olacaqsız.

Sosial nekrofil elə insandır ki, o həyata yox, ölümə meylli olur.

Nekrofillər həmişə keçmişdə yaşayırlar, indiki və buradakı zaman onlar üçün çox da dəyərli deyil. Nekrofil gecə aşiqidir. Həyatı sevən insan üçün əsas qütblər kişi və qadın olduğu kimi, nekrofillər üçün tamam başqa qütblər – öldürmə səlahiyyəti olanlar və bu səlahiyyətə malik olmayan insanlar vardır. Nekrofillər üçün iki cins vardır: hakim olanlar və olmayanlar, qatillər və öldürülənlər. Nekrofillər qatillərə aşiqdirlər və öldürülənlərə nifrət edirlər.

Fromm deyir ki, həyat strukturlaşmış, funksional artımla xarakterizə olunduğu halda, nekrofillər artmayan, mexaniki olan hər şeyi sevirlər.

Həyatdan döndərilmiş və ya ona qarşı çevrilmiş hər şey nekrofili cəlb edir. Nekrofil ana bətninin qaranlığına və ya keçmişə, qeyri-orqanik və heyvani həyata qayıtmaq istəyir. O prinsipial olaraq nifrətlə yanaşdığı və qorxduğu gələcəyə deyil, keçmişə istiqamətlənmişdir.

Güclü təhlükəsizlik ehtiyacı buna yaxın hissdir. Nekrofilin dəyişikliyə ehtiyacı yoxdur, onun özünü təhlükəsizlikdə hiss edəcəyi, təhlükənin olmayacağı vəziyyətin yaranmasına ehtiyacı vardır.

Nekrofilin bir xüsusiyyəti də var, o məcburi pedantik intizama aşiqdir. Nekrofil hər şeyin öz yerində olduğu, hər kəsin (həmçinin də özünün) öz ictimai rolunu bildiyi nizamlı dünyaya vərdiş etmişdir.

Nekrofil azad yaradıcılığa qadir deyil, onu nizamsız həyat tərzi sürənlər qıcıqlandırır, onu təsadüflər qıcıqlandırır, gözlənilməzliklər onun əsəblərinə toxunur – o, bütün bunlardan qorxur. O, spontan yaradıcılığa deyil, mexanikləşmiş dünyaya meyllidir.


P.s. Yəqin bundan sonra “nekrofil” sözünü eşidəndə ağzınızı ayırıb “ölüylə şey eliyən” deməzsiniz. Hərdən hər şey göründüyü kimi səthi olmaya bilir. National Geographic-in atalar sözü səviyyəsinə qalxmış ifadəsində deyildiyi kimi “think twice”.

пятница, 14 февраля 2014 г.

Emir Kusturica


İki gün bundan qabaq Emir Kusturicanın “Həyat Möcüzədir” filminə baxdım. Hələ də təsir altındayam, filmin soundtrack-i beynimdə fırlanır. Fikirləşirəm, görəsən Kusturicanın filmləri niyə adama belə təsir edir, niyə adamın qəlbinə toxunur?

Yəqin ona görə ki, Kusturicanın filmlərində həyat olduğu kimidir. Kapitalizm, sosializm, anarxizm hələ gəlib onun filmlərinə çatmayıb. Ümumiyyətlə onun filmlərində heç bir “izm”lər yoxdur. Müasir mədəniyyət nailiyyətləri Kusturicanın filmlərindən yan keçib. Kusturicanın filmlərində insanlar səhər-səhər durub işə getmir, heç kim sabahı fikirləşmir, həyat hələ mexanikləşməyib, insanlar robotlaşmayıblar. İnsan xaotikliyi onun filmlərində hələ də yaşayır. Təsadüflər hər şeyi həll edir. Heç kim atdığı addımı ölçüb biçmir. Kusturicanın filmlərində həyatın fonundakı musiqinin səsi hələ sönməyib. Onun filmlərində həyat karnavaldır, kasıblar varlılardan daha xoşbəxtdir. İnsanlar bir-birini sevir, aldadır, xəyanət edir, yenə sevir, yenə aldadır. Onun filmlərində insanlar olduğu kimidir.

İnsanlar sərhəddə yaşayır, müharibə ilə sülhün, ölümlə həyatın, sevgilə nifrətin. Amma həm də insanlar bu sərhədlərin o tayında yaşayırlar. Kusturicanın filmlərində həyat hər şeyə rəğmən davam edir.

Bəlkə də elə buna görədir ki, Kusturica filmlərində “qaraçı mədəniyyəti”nə bu qədər yer verir. Qaraçı mədəniyyəti (və ya mədəniyyətsizliyi) kimi onun filmləri də dünyada baş verən proseslərdən özünü qoruya bilib. Dünyada müharibələr, qırğınlar, ideoloji savaşlar, mədəniyyətlərarası toqquşmalar baş verir, Kusturicanın filmləri və filmlərindəki həyat isə heç nə olmayıbmış kimi, öz axarı ilə davam edir.


Kusturicanın “The No Smoking Orchestra” qrupunun “Life is a Miracle” mahnısındakı sözlərdə olduğu kimi, Kusturicanın filmlərində Zidan Liverpulda oynayır. Kusturicanın filmlərində hər şey mümkündür. Kusturicanın filmlərində Həyat Möcüzədir.