среда, 25 февраля 2015 г.

Yurgen Klopp Fəlsəfəsi


Son zamanlar futbolda üz-üzə olduğumuz bir düha var. Yurgen Klopp. Öz futbolunu “Heavy Metal”a bənzədən “dost-ata”, “Gegenpressing” fəlsəfəsinin ən öncül ardıcılı.

Klopp müsahibələrinin birində onu Vengerə bənzədən jurnalistə, Arsenal “həzin” futbol oynayır, mən isə daha çox “heavy metal”ı bəyənirəm demişdi. Kloppun istifadə etdiyi oyun stilinə futbolda “gegenpressing” deyirlər.

Klopp oynatdığı çox sürətli oyunda futbolçularından maksimumu verməyi tələb edir. Hər oyun final oyunu imiş kimi. Hamı meydanda can qoymalıdır. “Gegenpressing”in ən üzə çıxan cəhəti komandanın topu itirən kimi rəqibə amansız pressinq tətbiq etməsidir. Buna başqa adla “hündür müdəfiə” də demək olar. Hücumda olan komanda topu itirən kimi bütünlüklə pressinq edir və topu dərhal, elə rəqibin yarımsahəsində geri qazanmağa çalışır. Top alınan kimi də dərhal hücum başlanılır.
Geriyə pas Klopp fəlsəfəsinə yad ünsürdür. Bu da onun oyununu bir-ölçülü edir. Klopp deyir ki, ən yaxşı playmaker elə “gegenpressing”in özüdür. Topu rəqibin qapısı qarşısında ələ keçirdib dərhal qol yolları axtarmaq. Playmaker-ə heç ehtiyac da yoxdur. Amma əslində bu oyun tərzində mərkəz müdafiəçiləri bir növ playmaker-ə çevrilirlər. Topa əldə edən kimi dərhal hücuma çıxmaq taktikasında Hummels kimi oyunçu playmaker funksiyası daşımağa məhkumdur.

Əlbəttə “gegenpressing”in pis cəhətləri də var. Bu çox riskli oyun tərzidir. Hündürdən müdafiə olunan komanda rəqib yarımsahəsində topu əldə edə bilməyəndə müdafiədə çox böyük boşluqlar verir. Meydanda can qoyan oyunçuların tez-tez zədələnməsi qaçılmaz olur. Sezonun sonlarına yaxın iki frontda döyüşən oyunçular fiziki cəhətdən çox yorulur. Yalnız hücumu fikirləşən komanda lazım olan məqamlarda topu ayağında saxlayıb enerjiyə qənaət edə bilmir.


Amma hər halda biz Kloppu xarakterinə görə, Avropa futboluna gətirdiyi şənliyə görə sevirik. Klopp uğurlu özünü təkrardansa, uğursuz eksperimentin tərəfdarı olan insan, həm də yaxşı ailə başçısı və əqidəli bir protestantdır.

Klubda oyunçular arasında “dost-ata” imici var Kloppun. Məsələn o bir gün səhər durub oyunçulara “uşaqlar, futbol zad hamsı boş şeylərdi, gəlin gedək İsveçdə göl qırağında kampinq eləyək, 
kabab çəkək, araq içək, nəşə dolduraq" deyə bilər.