среда, 28 ноября 2012 г.

"Qiyamətə hazırsan ?"


Dünən evlə(mən “evlə” yazmışam, siz “evnən” oxuyun) danışırdım. (Bilirəm, indi bunu oxuyan və özünü ağıllı hesab eləyən hansısa debil, ya da Cem Yılmazın taxtına oturmaq istəyən bir “yumor canisi”: “Evlə danışmaq olar ? Evlə danışmazsan e, evdəkilərnən danışarsan birdən” kimi cümlələr formalaşdırır beynində.) Hə, məhz elə evlə danışırdım. Hə, bizim ev danışa bilir. Nə isə, bir az evlə danışdım, sonra başladım mama ilə danışmağa. Beləcə bir az danışandan sonra mamadan soruşdum ki, bəs: “Azərbaycanda nə yenilik var ? Camaat nə ilə məşğuldur?” Elə bunu demişdim ki, anamın dərdi açıldı. Dedi ki: “Oğul, dünyanın axırı yaxınlaşır xəbərin yoxdu ? Dekabrın 21-i yer üzü qaranlığa qərq olacaq, dünya elektrik enerjisinə həsrət qalacaq. Azərbaycanda hamı buna tədarük görür, dükanlarda şam qalmayıb, camaat indidən hazır yeməklər alıb evə qoyur ki, qəfil yaxalanmasın bu vəziyyətə. Bütün qonum-qonşu hazırlaşır, bir dənə bizdən başqa.” Və sonda da zarafatca əlavə edir ki: “Evdə heç nə yoxdu. Əgər doğurdanda dünyanın axırı olsa, heç bilmirəm neyləyəcəyik?”
Deməli, sən demə Azərbaycanda bir qrup para-ağıl, gerizəkalı insan inanırmış ki, dekabrın 21 mini-qiyamət olacaq, bir növ qiyamətə hazırlıq, yəni dünya tam dağılmayacaq amma beş günlük də olsa, qaranlıq dünyanı öz ağuşuna alacaq, göz-gözü görməyəcək, it yiyəsini tanımayacaq, kimin qulağı kimin ağzına olacaq. Bir qrup bığı-burma kişi də düşüb maqazinlərin canına şam alır. Şəxsi qənaətim belədir ki, onlar bunu qaranlıqdan istifadə edib hansısa əxlaqsızlığa yol verə biləcək qızlarını nəzarətdə saxlamaq üçün edirlər. Adamlar dünyanın axırında da namus-qeyrət fikrindədilər.
Birinci dəfədir ki, ölkədə baş verənlərin içində deyiləm, qıraqdan baxmaq imkanım var və təəssüflə də olsa qeyd etməliyəm ki, qıraqdan baxanda ölkənin nə qədər biabırçı vəziyyətdə olması görsənir. Burda 21 dekabrdan heç kim bir kəlmə də olsun danışmır, inanın mənə. Öz zibilləridi də, necə danışsınlar axı? Hamısına bunlar özləri səbəb olublar. Hər dəfə burda əynindəki şortikinin varlığı ilə yoxluğu hətta Sartrı belə düşündürəcək qızları görəndə, hər dəfə uzun saçlı bir qaqaş görəndə, küçədə öpüşən cütlüklər görəndə cumub boğazlarından yapışıb “niyə” sualını vermək istəyirəm. Niyə ?
Niyə doqquz milyon Azərbaycanlını zəlil gününə qoymusuz ? Niyə yekə-yekə kişiləri maqazinə şam dalınca göndərirsiz ? Niyə axı analarımızın gözünü yaşlı qoymusuz ? Niyə ? Niyə ? Niyə ?