понедельник, 25 июня 2012 г.

İnsan nədir ?


Söz verdiyim kimi silsilə yazılarımı davam etdirirəm. Bu yazı da Erix Frommun “Psixoanaliz və Din” kitabındandır. Burda Frommun insan, insan təbiəti, onun mahiyyəti, inkişafı ilə bağlı olan fikirlərini cəmləməyə çalışmışam. Fromm deyir ki:

İnsan - öz varlığı özü üçün problem olan yeganə heyvandır; o, bu problemi həll etməlidir və onun bundan gizlənmək kimi bir şansı yoxdur.

Özünüdərk, şüur və təxəyyül heyvani varlığın harmoniyasını pozub. Onların peyda olması insanı anomaliyaya, bəşəriyyətin kaprizinə çevirib.

Şüur eyni zamanda həm insanın xeyir-duası, həm də lənətidir. İnsan darıxa, narazı qala, özünü cənnətdən qovulmuş hiss eləyə bilən yeganə heyvandır.

İnsana şüur veriləndə o, bir növ təbiətdən qoparılmışdır amma insanın təbiətdən ayrı yaşaması da özü-özlüyündə mümkün olan bir şey deyildir. Bununla da insan varlığında dixotomiya yaranmışdır: O, nə ağlından(hətta bunu özü istəsə belə), nə də ki, bədənindən(nə qədər ki, sağdır) xilas ola bilməz. İnsana şüur verilmişdir amma heyvani hissləri, instinkləri, şəhvəti də onunla qalmışdır. Nəticədə şüurla insan təbiəti arasında daimi mübarizə başlanmışdır.

İnsanda heç də hər-hansı “anadangəlmə inkişaf meyli” yoxdur. Bugunkü inkişaf səviyyəsinə o, daxili ziddiyətləri hesabına gəlib çatmışdır. Yəni, inkişafa səbəb narazılıq, heç nəyə qane olmamaq hissidir. Hər keçilən mərhələ yenə də insanı tam razı salmır və o, yeni məqsədlər axtarır.

İnsanın inkişaf etməsinə səbəb olan faktorlara rəqabət hissini, hakimiyyət əzmini və şəhvəti də əlavə etsək, yəqin Frommun ruhu bizdən inciməz. Rəqabət və hakimiyyət əzmi ilə məncə hər şey gün kimi aydındır, şəhvət anlayışına isə bir az aydınlıq gətirək. Bəşər tarixinin ən böyük kəşflərinin altında bir hərəkətverici qüvvə yatır: Şəhvət. Hətta insan inkişafına ən böyük tövhələr vermiş ixtiraçılar belə öz ixtiraları üzərində baş sındırarkən heç də insanlığın inkişafı, gələcək nəsillərin rifahı və s. bu kimi şeylər haqqında düşünmürdülər. Onların əsas məqsədi qonşuluqda yaşayan ehtiraslı gözəlçənin diqqətini cəlb etmək idi.

Hələ də fərqinə varmayanlar varsa, bir də nəzərinizə çatdırım ki, bütün bu hisslər insanda anadangəlmədir.

Lakin, inkişaf özü də nisbidir. Fromm iddia edir ki, insanın şüuru yox, intellekti inkişaf etmişdir. O, bu anlayışları bir-birindən ayırır. Yəni, elm və texnika inkişaf edib, bəs insan özü inkişaf edibmi ? Xöşbəxtlik, sevgi, həyatdan razılıq tapıbmı?

İnsan öz beyninin məhsulu olan texnalogiya xarüqələrindən silahların hazırlanmasında istifadə edir. Bugünlərdə insanlar nüvə müharibəsinin bütün yer kürəsini məhv edə biləcəyi ehtimalını müzakirə edirlər. Amma əslində atom bombasından istifadə olunacaq ümumbəşəri müharibəylə ilkin insan qəbilələri arasında baş vermiş döyüşlər arasında mahiyyət etibarı ilə heç bir fərq yoxdur.

четверг, 21 июня 2012 г.

Freydin dini


İki gün bundan qabaq imtahan sessiyası bitdi. Hələlik daimi bir işim də yoxdur. Odur ki, boş vaxtım var. Qərara gəlmişəm ki, bu boş vaxtımda sizi maarifləndirim. Sovet vaxtı buna boş vaxtdan səmərəli istifadə deyirdilər.

Psixoanaliz və fəlsəfə ilə bağlı silsilə yazılar yazmağı planlaşdırıram. Siftəni Ziqmund Freydlə edirəm. Bu yazını Freydin “Bir İlluziyanın Gələcəyi” kitabına “preview” və ya “review” kimi qiymətləndirə bilərsiz. Din haqqında mülahizələrini yürüdür bu kitabda Freyd. Bir də onu qeyd edim ki, yazı Erix Frommun “Psixoanaliz və Din” kitabından götürülmüş fikirlər üzərində qurulub. Şərti şumda kəsək ki, xırmanda it yiyəsini tanımır söhbəti olmasın. 

Freydə görə din acizlik hissindən yaranır. İnsanın özünü aciz hiss etməsinə həm daxili, həm də xarici faktorlar səbəb olur. Freydin fikrincə din insan inkişafının ilkin mərhələrində meydana gəlir. Bu o vaxtdır ki, insan hələ daxili və xarici güclərlə mübarizədə öz ağlından istifadə etməyə tam qadir deyil.

Din bir illuziyadır. Bu illuziyanı yaradanda insan öz uşaqlıq təcrübəsinə əsaslanır. Atasının müdafiəsinə sığındığı vaxta qayıdır. Ata müdrik və güclüdür. Onun müdafiəsini ancaq onun əmrlərinə tabe olmaq və qadağalarını pozmamaqla əldə etmək olar. Biz atamızdan həm qorxuruq, həm də ona heyranlıqla baxırıq. Allahla da vəziyyət tamamilə eynidir. Freydə görə din – səbəbləri uşaq nevrozunu törədən səbəblərlə eyni olan - kollektiv nevrozdur.

Freyd yalnız dinin bir illuziya olduğunu sübut etməklə kifayətlənmir, həm də onun çox təhlükəli olduğunu bildirir. Çünki o insanın tənqidi fikrinə qadağa qoyur. Tənqid isə beyin inkişafının təməl prinsipidir.. Hətta ən azından bir predmetlə də bağlı insanın tənqidi fikirləşməsinə qadağa qoyursunuzsa, bu digər sahələrdə də tənqidi yanaşmaya mane olur, beləliklə də zəkanın inkişafadan qalmasına gətirib çıxarır.

Freyd həm də əxlaqın, etik normaların allah kimi etibarsız təməl üzərində qurulmasının, əxlaqın allahdan gəlməsi fikrinin əleyhinə idi. Axı belə olduqda paradoks yaranır, yəni əgər siz allaha inanırsınızsa, onda əxlaq qaydalarına əməl edirsiniz, yox bəs əgər inanmırsınızsa ? Yox əgər inanmırsınızsa, onda istədiyinizi edə bilərsiniz. Dostoyevskinin “Karamazov Qardaşları” romanında belə bir fikir var: “Əgər allah yoxdursa, deməli istədiyini etmək olar”.

Bir də ki, Con Dyuinin də dediyi kimi: “İnsanlar həyatda xoşbəxtliyə çatmaq üçün öz güclərindən heç vaxt tam istifadə etməyiblər, çünki özlərinin görməli olduqları işlərin hansısa fövqəltəbii güc tərəfindən görüləcəyinə inanıblar”

Freydin özünün inandığı normalar və ideallar isə qardaş sevgisi, həqiqət və azadlıqdır. Əgər insan ata-allah illuziyasından imtina edərsə, əgər o, özünün bütün kainatda tənhalığını və faniliyini dərk edərsə, o, ata evini tərk etmiş uşağa bənzəyər. Amma insanın məqsədi də elə infantil asılıqdan qurtulmaq olmalıdır. İnsan reallıqla üz-üzə gəlməyi bacarmalıdır. Əgər o, bilsə ki, öz gücündən başqa arxalanmağa bir şeyi yoxdur, onda o, öz gücündən düzgün istifadə etməyi öyrənər. 

Yalnız azad insan(eyni zamanda həm qoruyan, həm də hədələyən avtoritetin mövcudluğu fikrindən azad olmuş) heç bir illuziyaya qapılmadan, öz ağlından istifadə edərək dünyanı və özünün ondakı rolunu dərk etmək qabiliyyətinə malikdir. Həm də azad insan öz bacarıqlarını inkişaf etdirə və onlardan istifadə edə bilər. Biz yalnız böyüyəndə, avtoritetdən qorxan və ondan asılı olan  uşaq olmaqdan əl çəkəndə azad düşünməyə cürət edə bilirik. Burdan çıxış edərək həm də bu fikrin əksini iddia edə bilərik: Yəni yalnız azad düşündükdə biz avtoritetin ağalığından xilas ola bilərik.

Ümumiyyətlə bu fikirləri təkcə dinə yox, həyatımızın bir çox sahələrinə tətbiq etmək olar, məncə.

вторник, 12 июня 2012 г.

"Qəmli şeytan"


İmtahan. Yoxlama. Sınaq. Həyatda tez-tez rast gəlirik bunlara. Kimi öz sevgilisini sınayır, kimi dostunun “yaxşı oğlan” olub-olmadığını bilmək üçün onu yoxlayır, universitetdə sessiyalar qurulur, allah bunun üçün bütöv bir dünya yaradır və s.

İmtahan anlayışının altında inamsızlıq yatır məncə. Əgər sevdiyim qız mənə inanırsa nəyə görə məni yoxlasın ?  Və ya universitetdə uzun bir semestr oxuyuruq, əla qiymətlər alırıq. Artıq bu özü bir göstərici deyilmi? Deməli yaxşı oxumuşam ki, yaxşı da qiymətlər almışam da. Nəyə görə bir də məni axırda imtahan eləyirlər ? Nədir bu inamsızlıq ?!

Mən hətta allahın da bizi sınağa çəkməsini istəmirəm. Çünki insanlar sınağa çəkildiklərini biləndə suni olurlar. Saxtakarlıq eləyirlər. Aldatmağa çalışırlar. Qoy həyatda heç bir qayda-qanun olmasın, hərə öz istədiyi kimi yaşasın. Tam azadlıq verilsə, insanlar heç nə ilə qorxudulmasa və ya şirnikləndirilməsə kimin kim olması ortaya çıxar. Düzdü, indi deyəcəksiz ki, onsuz da allah kimin səmimi, kimin saxtakar olduğunun bilir. Əgər elədirsə, onda nəyə görə qurulub bu boyda həngamə? Yaxşı onsuz da elə ən pis dünyada da yaxşı olacaq da. Nə bilim ? 

İlahi komediya.

Bir də ki, belə olsa, şeytan adlı məfhum da özü-özünə itib gedəcək. Heç bir qayda-qanunun olmadığı dünyada heç şeytana da ehtiyac qalmaz.

 Şeytanın işi nədən ibarətdir ? Bizi yoldan çıxartmaqdan. Amma yoldan çıxartmaq üçün birinci gərək yol olsun, sonra da biz o yolda olaq ki, o, da bizi o yoldan çıxartsın. Heç bir yolun olmadığı bir dünya düşünün. Təsəvvür eliyin şeytana deyirlər ki: “Brat, bu vaxta qədər əla işləmisən amma daha sənə ehtiyacımız yoxdur. İncimə amma daha sənlə müqaviləmizi uzatmağı düşünmürük.” Düzdü bundan sonra bizim bu “qəmli şeytan”ın balaları bir müddət ac qalacaq amma neyləmək olar ? Başqa yerlərə CV göndərsin.

Qeyd: Bu yazı Cavad Mircavadovun eyni adlı portetindən alınan təsirin nəticəsidir.

вторник, 5 июня 2012 г.

Dünyanın ən bezdirici gözəli



 Daxili gözəlliklə xarici gözəllik arasında hansısa səbəb-nəticə əlaqəsi varmı ? Bu suala cavab tapmağa çalışacam bu yazıda.

 2-3 il bundan qabaq əlimə İlqar Fəhminin hansısa kitabı düşmüşdü və orda belə bir fikir çox xoşuma gəldi: "Allah ona görə təkdir ki, heç bir başqa xaliq, yaxud məxluq öz yanında bu qədər saf, təmiz, işıqlı varlığın olmağına tab gətirməz, bezər, darıxar eyni şeydən... Əgər Allah evlənsəydi, iki aydan sonra onun arvadı Şeytana qoşulub qaçardı."

Daxili gözəllik yaxşı şeydi amma bir az bezdiricidi. Daxilən gözəl insanın hər şeyə yaxşı yanaşması, hər şeydə bir pozitiv axtarması bir müddətdən sonar adamı qıcıqlandırmağa başlayır. Hamıya haqq qazandırmaqla onlar İsa məsihi xatırladırlar. Nəysə, keçək əsas məsələyə.

El içində belə bir deyim var: “İçinin gözəlliyi üzünə vurub.” Bu fikirdə həqiqət payı varmı? Məncə yox. Ən əvvəl onu deyim ki, bizim gözəllik adlandırdığımız şey simmetriyadır, ən adi simmetriya. (bu sübut olunmuş fakdır) Əgər göz-qaşınız eybəcər deyilsə və əgər sifət cizgilərinizdə müəyyən qədər simmetriya varsa sizə gözəl demək olar. Hə, nə durmusuz? Gedin, güzgüyə baxın. Ya da yox, axıra qədər oxuyun sonra gedərsiz.  Mən isə qayıdıram mətləbə.

Zahirən gözəl olan insan daxilən də gözəl mi olur ? Məncə yox. Çünki onun buna ehtiyacı yoxdur.

Hamımız sevilmək istəyirik.Diqqət mərkəzində olmaq, nəvaziş görmək bizim ən təbii istəklərimizdir. Yəqin heç birimiz “mən heç kimin məni sevməsini istəmirəm, bəşəriyyətin nifrət obyekti olmaq istəyirəm” tipli cümlələr quran adama rast gəlməmişik. Deməli bir şeyi özümüz üçün dəqiqləşdirdik: Heç kim ömrünün axırına kimi masturbasiya eləmək istəmir.

Yenə deyirəm, zahirən gözəl adamın daxili gözəlliyə ehtiyacı yoxdur. Onsuz da onun dalınca sürünənlər, venalarını doğramağa hazır olanlar çoxdur. Onun gözəllik kimi bir silahı var. Görünüş cəhətdən elə də fərqlənməyən insan isə özünü sevdirmək üçün başqa vasitələrə əl atmalıdır. Onlar da xarici eybəcərliyi daxili gözəlliklə konpensasiya eləməyə çalışırlar. Düzdü bunun heç bir faydası olmur amma hər halda.

Amma hərdən də elə olur ki, zahirən eybəcər olan insan bu eybəcərliklə onu mükafatlandırmış təbiətdən inciyir və daxilən də eybəcər insana çevrilir.

Metafiziklərin fikrinə görə isə hər şey insanın özünü necə təsəvvür etməsində asılıdır. Yəni əgər siz özünüzü qəşəng hiss edirsinizsə, ətrafdakılar da sizi belə görürlər, yox əgər əks fikirdəsinizsə heç kim sizi “reception”da işə götürməyəcək.

P.s. Çak Palanikin belə bir fikri var: Dünyanın ən gözəl qızından da bezmiş ən azı bir oğlan var. Bu fikri həm daxili, həm də xarici gözəlliyə aid eləmək olar.