Son vaxtlar nəinki yazı yazmağa, heç başımı da qaşımağa vaxtım yoxdur. Nəinki başımı heç başqa yerlərimi də. Bu yazını isə yazmağıma dostum Anarın məni maestro adlandırması səbəb oldu. Bir anlıq özümü Nobel mükafatı laeruatı kimi hiss etdim. Necə ki, səsi olmayan birinə uşaqlıqda gözəl səsinin olduğu (valideynlərinə yaltaqlanmaq üçün) haqda kiçik yalan deyirsən və o da böyüyüb müğənni olur.
Yəqin vampirlərdə də belədir. Bir az aydınlıq gətirim. Yəni ki, mən vampirlərin əslində pis niyyətli olduğuna inanmıram. Sadəcə olaraq biz onları damğalayırıq. Mərdi qova-qova namərd eliyərlər söhbəti. Sual ortaya çıxa bilər ki, bəs onda onlar niyə bizim qanımızı sovururlar? Bəlkə də onlar bu “öpüş”ləri ilə bizə öz sevgilərini göstərməyə çalışırlar. Axı əslində vampir olmaq elə də pis deyil. Təsəvvür edin ki, ölümsüzsünüz, sizə bir çox fövqəladi qüvvələr verilib və bütün yeniyetmə qızlar sizin üçün öz damarlarını doğrayıb sizi öz qanları ilə bəsləməyə hazırdırlar. (xüsusilə də “Twilight” filmindən sonra bu qızların sayı daha da artıb)
Əslində isə hər şey Drakuladan sonra başladı. Əlbəttə ondan əvvəl də vampirlər olub amma ilk dəfə məhz Drakulanın simasında bir vampir qəhrəmana(mənfi də olsa), pleyboya, seks-simvola çevrildi. Allah ona qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Amma bəlkə də bu bir vampirə edilə biləcək ən pis arzudur, bəlkə də bu qarğışdır. Axı vampirlər gün işığından qorxurlar.
Elm və texnikanın inkişafı vampirlərdən də yan keçməyib. Günümüzün vampirini sarımsaq, xaç və ya taxta paya ilə qorxuda bilməzsən. Bəlkə də vampir olmağın ən pis cəhəti də elə budur, daimi yaşamaq. Məncə vampirlər həyatlarının ilk 200 ilindən sonra hər şeydən bezirlər və ölmək istəyirlər. Indi gərək oturub gözləyəsən ki, hansısa axmaq ölümlü insan, hansısa axmaq bir üsul fikirləşib gəlib səni öldürsün.
Ümumiyyətlə vampirləri öldürmək lazımdırmı? Və ya biz onları şər qüvvə olduqlarına görə mi öldürürük? Əsla yox! Bütün bunlar bizim içimizdə olan sürü psixologiyası ilə əlaqədardır. Yəni içimizdən biri olmayanı, fərqli olanı məhv etmək arzusu. Inanın ki, biz saçını hamıdan fərqli kəsdirəni, bizim kimi fikirləşməyəni də eyni həvəslə öldürməyə hazırıq.
Azərbaycanda isə vampir olmaq tamam başqa söhbətin mövzusudur. Təsəvvür edin ki, vampirsiz və hansısa qızı dişləmisiz. Inan ki, axşam o qızın “məhlə uşağısı” sizə zəng edib “razborka”ya çağıracaq və həmin “razborka”da sizi bıçaqlayıb öldürəcək. Budu bizim vampirlərə qoyduğumuz hörmət? Ona görə də qan içməyə belə meyllisinizsə, məncə hələlik zəlilikdən başlayın. Zəli olub düşün kiminsə canına, başqa sözlə başınızı aşağı salıb işinizlə məşğul olun. Sonrasından Allah kərimdir.
Комментариев нет:
Отправить комментарий