понедельник, 26 марта 2012 г.

"Şərin xeyirxah missiyası"


Ən yaxın dostlarımın biri ilə belə qərara gəlmişik ki, bundan sonra oxuduğumuz hər kitab haqqında nə isə yazacayıq. Tendensiya halını almağını istədiyimiz bu yolda ilk yazını “Master və Marqarita”ya həsr edirəm.
Bəziləri  üçün bu roman dini dəyərlərin təhqiridir, bəziləri üçün insan eybəcərliklərinin ifşasıdır, şəxsən mənim üçün isə bu bir sevgi romanıdır.
Romanda Marqarita həddindən artıq sevdiyi Masteri qaytarmaq üçün mümkün olan və olmayan hər şeyi edir. Sevdiyi kişi üçün ruhunu şeytana satan qadın. Bundan da böyük sevgi? Belə Marqaritan olsa, Master olmağa nə var ki?
Əslində isə roman iki hissədən ibarətdir və Masterlə Marqarita arasında olan böyük sevgidən əsərin ikinci hissəsində bəhs olunur.
Birinci hissə isə Voland adlanan bir şeytan və onun dəstəsinin sərgüzəştlərindən ibarətdir. Onlar müxtəlif üsul və vasitələrlə insanların başına min cür oyun açırlar. Düzdü şeytanın şərinə tuş gələn insanların hamısı aldığı cəzaya layiqdir amma izin verin soruşum: Məgər dünyada cəzaya layiq olmayan insan var ki? Nə isə sözüm onda deyil.
Sözüm ondadır ki, roman bizə öz fundamental, doqmalaşmış dəyərlərimizə yenidən baxmağı təklif edir. Axı nəyin pis, nəyinsə yaxşı olduğunu müəyyən etmək elə də asan bir iş deyil.  Bir də ki, bəlkə də şərin özünün də xeyirxah bir missiyası var. Bilirəm bu fikir bir qədər absurd səslənir amma əsərdə Masterlə Marqaritanın bir-birinə qovuşub xöşbəxt olmasına məhz şeytanın özü kömək edir.
Hə, bir də İsanın edam olunmasına lazımı dərəcədə mane olmadığını düşünən və bundan artıq əsrlərdir ki, əzab çəkən Ponti Pilat. Roma imperiyasının İudeyadakı beşinci və ən qəddar canişininin yumşaq ürəyini göstərir bizə bu roman.
Yazımı kitabın epiqrafı ilə bitirmək istəyirəm. "... axı sən kimsən? - Mən daim pislik arzulayan və daim yaxşılıq edən qüdrətin bir hissəsiyəm."  Göte. "Faust"

1 комментарий:

  1. "...bəlkə də şərin özünün də xeyirxah bir missiyası var." - əntiqə fikirdir. Romanda da Voland Levi Matfeylə danışanda deyir ki, "axı niyə mənə bu qədər nifrət edirsən? Əgər mən olmasaydım heç xeyir də olmayacaqdı." (yəni xeyiri ölçmək üçün meyar olmayacaqdı)

    ОтветитьУдалить