Vaxtilə Yan Qus tonqalda yandırılarkən bu ocağa kiçik bir saman çöpü atmaqla özünə cənnət qazanmaq arzusunda olan qoca qarını görüb demişdi: “Sancta simplicitas” – müqəddəs sadəlik. Qoca qarının cahilliyini göstərmək üçün işlədilmiş bu ifadəni çox təəssüf ki, əsrlər keçməsinə baxmayaraq bizim cəmiyyətin böyük bir hissəsinə aid etmək mümkündür.
Azərbaycan insanının böyük Tanrı inamı sadəlövhlük, nadanlıq, savadsızlıqla birləşərək “müqəddəs sadəliyə” gətirib çıxarır. Insanımız Allahı öz bəşəri səviyyəsindən məişət səviyyəsinə endirir. Həyatındakı hətta ən kiçik uğur və uğursuzluğu belə onun adı ilə bağlayır. Ən primitiv probleminin həllində də Allahdan kömək umaraq onun vaxtını almaqla məşqul olur.
Uzun illər dünyaya uşaq gətirə bilməyən qadın müxtəlif türkəçarə üsullardan istifadə etdikdən sonra təleyilə barışıb “Allah özü bilən məsləhətdir” deyir. Əlbəttə ki, bu tanrının məsləhəti deyil (O ginekoloq deyil), bunun üçün qadın məsləhətxanaları var.
Anasının pensiyasını götürmək üçün bankomata yaxınlaşan cavan oğlan üç dəfə uğursuz cəhddən sonra “ayətül-kürsü”nü oxuyaraq Allahdan bankomata pul qoyulmasında bank işçilərinə yardım etməsini diləyir. Sevimli bəndəsinin diləyini yerinə yetirməyə başı qarışan Allah isə bir anlığa Yaxın Şərq münaqişəsinə nəzarəti əldən verir və bunun nəticəsində minlərlə günahsız insan məhv olur və ya həyat səviyyəsinin yüksəldilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, dünyanın terroristlərdən təmizlənməsi üçün hətta Allahın özündən belə daha canfəşanlıqla çalışan ABŞ yaranan diqqət yayınmasından istifadə edərək növbəti müsəlman ölkəsini bombardman edir.(inanmıram ki, diqqətində olsaydı, bəndələrini həddindən artıq çox sevən Allah belə fəlakətlərin baş verməsinə imkan verərdi)
Buna görə də, gəlin öz gündəlik və banal problemlərimizlə Allahı daha vacib, daha qlobal məsələlərin həllindən yayındırmayaq. Ola bilsin ki, vaxt azlığından bizim kiçik məsələlərimiz diqqətdən kənarda qalsın amma bu o demək deyil ki, buna görə biz Allahı narahat etməliyik, necə deyərlər: “Allah özü bilən məsləhətdir”
Комментариев нет:
Отправить комментарий