вторник, 13 сентября 2011 г.

Milliləşmiş yəhudi obrazı

Yəhudi ədəbiyyatında “taluş” anlayışı. “Taluş” gənc yəhudi obrazına verilmiş ümumi addır. O, maariflənməyə və intellektual cəhətdən özünü sübut etməyə can atması ilə öz qohumlarının və köhnə tanışlarının dünyasından, onların adət-ənənələrindən qopmuşdur. Bununla belə o, müasir dünyada özünə dayaq tapa bilmir. Bu qəhrəman üçün psixoloji sarsıntılar, öz daxili aləminin ən kiçik detalına belə həddindən artıq diqqət ayırması xarakterikdir. O, adətən depressiya halında olur, daim hədəfi olmayan axtarışlar edir, ümidsizliyə qapılır və nəticədə ruhdan düşür, passivləşir, reallıqla əlaqəsini itirir və hətta bəzən özünə qəsd edir.
 Bu obraz yəhudi ədəbiyyatında 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində mövcud olmuşdur amma Bakı metrosunda əli kitablı bu “taluş”lara hələ də rast gəlmək mümkündür. Onlar hələ də “yaxçı oğlan”ların onların əlindəki kitaba “pis baxacağına” görə məhləyə utana-utana girirlər, hələ də hər baxdığı oğlanda potensial ər görən qızlarımız “kitab oxuyan oğlanın qara qəpiyi də olmaz” düşüncəsi ilə onları yaxın buraxmırlar. Ətrafdakı cəhalət onları sıxır, savadlarına qiymət verilməməsi ruhdan salır, tez-tez “güya oxuyub neyləmisiz” sualıyla qarşılaşır və yalnız onda əsrimizin “taluş”u bəlkə də hər şeyin boş olduğunu fikirləşir. Bəlkə də heç nə öyrənməyib, savadlanmayıb daha xöşbəxt olmaq olardı. Axı bisavad, dar-düşüncəli insanların qəti müəyyən etdiyi doğru və yanlışlar var(o, özü isə daim axtarışdadır) və onlar daha xöşbəxt görsənirlər. Amma artıq çox gecdir və geriyə dönüş yoxdur, cahillik bir zamanlar sonsuz xöşbəxtlik idi.

1 комментарий:

  1. Gözəl yazıdır. "Taluş" daha çox cəmiyyətin marginal ziyalılarını əks etdirir. Bu yazın isə "taluş"a başqa rakursdan baxışdır. Çox bəyəndim, məncə bu cür yazılara daha çox üstünlük ver. Çünki belə bənzətmələrə az bloqda rast gəlmək mümkündür.

    ОтветитьУдалить